Noyabrın 29-da Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında (DİA) Dünya Bankı Qrupu ilə birgə əməkdaşlıq çərçivəsində Elektron hökumət laboratoriyasının açılışı olub və əməkdaşlıq haqqında protokol imzalanıb. Tədbirdə Dövlət İdarəçilik Akademiyasının rektoru akademik Urxan Ələkbərov geniş təqdimatla çıxış edərək Ümummilli Lider tərəfindən müəyyənləşdirilmiş və Prezident İlham Əliyevin uğurla davam etdirdiyi inkişaf strategiyası sayəsində Azərbaycanın qazandığı nailiyyətləri diqqətə çatdırıb. O, Prezident İlham Əliyev tərəfindən işlənərək tətbiq edilmiş yeni dövlət idarəçiliyi texnologiyalarının Azərbaycanın davamlı inklüziv inkişaf naminə resurslardan səmərəli istifadə sahəsində regional və qlobal liderə çevrilməsinə gətirib çıxardığını vurğulayıb. Eyni zamanda, Azərbaycanda tətbiq edilən innovativ idarəçilik texnologiyaları kompleksinin yüksək səmərəliliyinin BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsinin uğurla yerinə yetirilməsində və Ermənistan tərəfindən 30 ilə yaxın işğal altında saxlanılan ərazilərin azad edilməsində təsdiqini tapdığını bildirib. Bu Zəfərin cəmi 44 günə qazanılmasını və Azərbaycanın ərazi bütövlüyünün tam bərpasını dövlətimizin başçısının innovativ inkişaf strategiyasının təntənəli yekunu kimi dəyərləndirib. Rektor Azərbaycan Respublikasının bütün dünya üçün prioritet kimi qəbul edilən davamlı inklüziv inkişaf siyasətini səmərəli şəkildə reallaşdıran dünya lideri olduğunu bildirib. Diqqətə çatdırıb ki, məhdud maliyyə imkanları şəraitində Azərbaycanın inklüziv inkişafı indeksinin daha inkişaf etmiş ölkələrdəkindən yüksək olması ölkənin iqtisadi potensialının hərtərəfli inkişafı və əhalinin rifah halının yüksəldilməsi üçün daha səmərəli istifadəsinin beynəlxalq təsdiqidir. U.Ələkbərov vurğulayıb ki, inklüziv inkişaf sahəsində Azərbaycan Respublikasının yüksək göstəricilər əldə etməsi və sosial siyasətin reallaşdırılması baxımından dünya liderinə çevrilməsində ölkənin Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın da müstəsna xidmətləri var. O, qazanılan uğurların 44 günlük Vətən müharibəsindəki parlaq Qələbədə böyük payının olduğunu da xüsusi qeyd edib. Bildirilib ki, ölkənin hazırkı davamlı inkişafı dövlət idarəçiliyi və dövlət qulluğu sahəsində reallaşdırılan ardıcıl islahatlar və dəyişikliklərin nəticəsidir. Akademik qeyd edib ki, 8 Noyabr 2020-ci il Azərbaycan tarixinə ən şanlı gün kimi yazıldı. Eyni zamanda, Prezident İlham Əliyevin xarici kütləvi informasiya vasitələrinə verdiyi çoxsaylı müsahibələri Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzünün, 30 ildən artıqdır yürütdüyü işğalçılıq siyasətinin, xüsusilə müharibə cinayətlərinin mahiyyətini açmaqla bunun region üçün yaratdığı ciddi təhdidləri, Azərbaycanın haqlı mövqeyinin konkret faktlarla dünya ictimaiyyətinə çatdırılmasında müstəsna rol oynadı. Həmçinin bu müsahibələrin informasiya məkanında düşmənin yalan üzərində qurulmuş təbliğatına ciddi zərbə vurduğunu və Ermənistanın təcavüzkar siyasətinin, eləcə də onun himayədarlarının ifşa olunması ilə nəticələndiyini qeyd edib. Rektor U.Ələkbərov müstəqil və suveren Azərbaycan dövlətinin keyfiyyətcə yeni olan və 2021‒2030-cu illəri əhatə edən strateji mərhələyə daxil olduğunu qeyd edərək, inklüziv cəmiyyətin qurulması prosesinin ölkənin 2030-cu il üçün planlaşdırılmış əsas prioritetləri sırasında olduğunu da deyib. O, beynəlxalq təşkilatların hesabatlarına əsaslanaraq ölkənin ərazi bütövlüyünün bərpası ilə səciyyələnən bu yeni strateji dövrdə Azərbaycan Respublikasının bütün dünya üçün prioritet kimi qəbul edilən inklüziv inkişafın planlaşdırılması və idarə edilməsi sahəsindəki uğurlarını qonaqların diqqətinə çatdırıb. Qeyd olunub ki, bu gün Azərbaycanın hər bir sahədə sürətlə inkişaf etməsi dövlət idarəçilik sahəsində ixtisaslaşan gənclərin qarşısında mühüm vəzifələr qoyur. Bu vəzifələri uğurla və səmərəli icra etmək üçün dünyada sürətlə yeniləşən nanotexnologiyalardan, yüksək bilik və təcrübədən geniş istifadə olunmalıdır. Bu mövzuda isə böyük maraqlarımızdan biri təcrübəli şirkətlərlə əməkdaşlıqlardır. Rektor Dünya Bankı Qrupu ilə əməkdaşlığın uğurlu olacağına inandığını, gələcəkdə əməkdaşlığın daha da genişləndirilməsi üçün müxtəlif tədbirlər görməyi planlaşdırdıqlarını qeyd edib. U.Ələkbərov çıxışını işğaldan azad olunmuş ərazilərdə aparılan quruculuq işləri, müstəqillik dövründə qazanılan siyasi, iqtisadi, hərbi uğurlar, inklüziv inkişafın idarə edilməsi sahəsində ölkənin əldə etdiyi nailiyyətlər barədə geniş elmi statistik təhlilə əsaslanan məlumatlarla yekunlaşdırıb. Görüşdə birgə həyata keçiriləcək layihələrin perspektivi, əməkdaşlıq imkanları müzakirə olunub. Dünya Bankının Azərbaycan üzrə ölkə meneceri xanım Sara Maykl çıxış edərək Dünya Bankı ilə Azərbaycan arasında səmərəli əməkdaşlığı vurğulayıb, ölkəmizdə aparılan bütün sahələrdə islahatların dəstəkləndiyini bildirib. O, Dövlət İdarəçilik Akademiyası ilə əməkdaşlıqdan məmnun olduğunu qeyd edib. Sara Maykl bildirib ki, müxtəlif dövrlərdə Dünya Bankı və Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının birgə əməkdaşlığı çərçivəsində görüş və seminarlar təşkil olunub. Bu, “Dövlət investisiyaları sahəsində potensialın gücləndirilməsi” layihəsinin reallaşmasına öz töhfəsini verib. Birgə uğurlu fəaliyyətin davamı olaraq aparılan danışıqlar nəticəsində əməkdaşlığın daha da genişləndirilməsi məqsədilə DİA-da Dünya Bankının dəstəyi ilə kompüter laboratoriyasının yaradılması layihəsi müzakirə edilib. DİA-nın kompüter elmləri ixtisası üzrə maddi-texniki bazasının yaradılması, eyni zamanda, rəqəmsal Azərbaycan sistemi sahəsində yüksəkixtisaslı kadrların hazırlanması məqsədilə kompüter laboratoriyasının yaradılması qərara alınıb. Laboratoriya il ərzində 3000-dən çox dövlət qulluqçusunun müxtəlif sahələrdə təlim aldığı və canlı və distant şəkildə əlavə ali təhsilin təşkil olunduğu nəzərə alınmaqla, praktik vərdişlərin yalnız bakalavriat və magistratura səviyyələrində təhsil alan tələbələr üçün deyil, eyni zamanda, dövlət qulluqçuları üçün müvafiq təlimlərin təşkili zamanı xüsusi əhəmiyyət kəsb edəcəkdir. Görüşdə Dünya Bankının əməliyyatlar üzrə baş mütəxəssisi Səidə Bağırlı, Beynəlxalq Maliyyə Korporasiyasının Azərbaycandakı daimi nümayəndəsi Aliya Azimova, Dünya Bankının Azərbaycan üzrə ictimaiyyətlə əlaqələr üzrə müşaviri Zaur Rzayev, Dünya Bankının Azərbaycan üzrə ölkə menecerinin icraçı köməkçisi Lalə Talibova, Dünya Bankının informasiya texnologiyaları üzrə mütəxəssisi Məmməd Cəfərzadə iştirak ediblər. Memorandumu Sara Maykl və rektor Urxan Ələkbərov imzalayıblar.
- 29 Noy
- 2022