Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında (DİA) Dövlət Miqrasiya Xidmətinin əməkdaşları üçün “İnsan resurslarının idarə edilməsi” mövzusunda onlayn formada növbəti təlim keçirilib. Təlim zamanı Dövlət İdarəçilik Akademiyasının Dövlət qulluğu və kadr siyasəti kafedrasının müəllimi Anar Həsənov insan resurslarının strateji planlaşdırılması və idarə edilməsinin məqsədlərindən, metodlarından, prosesin müxtəlif mərhələlərində qarşıya çıxan problemlərdən və həll yollarından danışıb. O, müasir praktikada insan resurslarının idarə edilməsi sahəsində istifadə olunan əsas anlayışları dinləyicilərə xatırladıb və bildirib ki, kadrların idarə edilməsi işə qəbulun rəsmiləşdirilməsi, işdən azad etmə, əmrlərin verilməsi, əməkhaqqının təyin edilməsi kimi fəaliyyətləri, həmçinin insan resurslarının idarə edilməsi iş analizi, insan resurslarının planlaşdırılması, işə uyğun kadrların tapılması və seçilməsi, adaptasiya, təlim və inkişaf, karyeranın idarə edilməsi, fəaliyyətin qiymətləndirilməsi, motivasiya və s. kimi funksiyaları əhatə edir. Bu gün təcrübə onu göstərir ki, bir təşkilatın digər qaynaqları nə qədər güclü olursa olsun, insan resursları kifayət qədər səmərəli deyilsə, müvəffəq olmaq şansı da azdır. A.Həsənov təşkilatların kadr siyasətinin quruluşunda səmərəliliyin artırılması üçün digər sosial, iqtisadi, elmi-texniki, informasiya və təşkilati-istehsalat siyasətləri ilə uyğunlaşdırılmasının vacibliyini diqqətə çatdırıb. Təlim zamanı insan resurslarının idarə edilməsinin əsas istiqamətləri, funksiyaları, əsas funksiyalardan olan motivasiyanın önəmi, motivasiyanın prinsipləri və s. barədə geniş məlumat verilib. Sonra təlimdə insan resurslarının idarə edilməsi sahəsində kadrların fəaliyyətinin qiymətləndirilməsi mövzusu üzrə müzakirələr aparılıb.
- 01 Dek
- 2022