Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, Azərbaycan xalqının istiqlal mübarizəsinə layiqli töhfələr vermiş vətənpərvər şair Əhməd Cavadın anadan olmasının 130-cu ildönümünün qeyd olunmasını təmin etmək məqsədilə Əhməd Cavadın 130 illiyinin qeyd edilməsi barədə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 20 aprel 2022-ci il tarixli Sərəncam imzalamışdır. Bununla əlaqədar Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında Əhməd Cavadın 130 illiyinin həsr edilmiş tədbir keçirilib. 2022-cidə Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, böyük şair, tanınmış maarifçi və ictimai xadim Əhməd Cavadın anadan olmasının 130 illiyi tamam olur. Əhməd Cavad Azərbaycan ədəbi-bədii fikri tarixində istiqlal şairi kimi özünəməxsus dəst-xətti ilə seçilən, müstəsna mövqeyə malik söz ustalarındandır. Bütün qəlbi ilə bağlı olduğu doğma xalqının müstəqillik ideallarına həyatı boyu sadiq qalmış sənətkarın azadlıq motivləri ilə zəngin yaradıcılığı milli məfkurədən yoğrulmuşdur. Azərbaycanın dövlət rəmzlərini yüksək şeiriyyətlə alovlu tərənnüm edən şairin müstəqil dövlətçiliyə sevgi aşılayan əsərləri dərin vətənpərvərlik duyğularının heyrətamiz poetik ifadəsidir. Əhməd Cavad daim ictimai-siyasi hadisələrin qaynar nöqtələrində olmuş, dövrün parlaq şəxsiyyətləri sırasında 1930-cu illərin ağır repressiyalarına məruz qalaraq, sovet totalitarizminin qurbanına çevrilmişdir. DİA-da keçirilən tədbirdə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, Şəhidlərin xatirəsi sükutla anılıb. Açılış sözü ilə çıxış edən Dövlət İdarəçilik Akademiyasının rektoru, akademik Urxan Ələkbərov Azərbaycan xalqının vətənpərvər şairi Əhməd Cavadın anadan olmasının 130-cu ildönümünün qeyd olunmasının, bu barədə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev imzaladığı Sərəncamın əhəmiyyətini qeyd etmişdir. Sonra Əhməd Cavadın 130 illiyinin həsr edilmiş tədbirdə DİA-nın Tarix kafedrasının müdiri dosent Firdovsiyyə Əhmədova “Əhməd Cavadın ictimai-siyasi fəaliyyəti”, “Dillər” kafedrasının müəllimi filologiya üzrə fəlsəfə doktoru Günay Maqsudova “Əhməd Cavadın ədəbi fəaliyyəti”, İnzibati idarə etmə fakültəsinin II-ci kurs tələbəsi Elmira Əliyeva “Əhməd Cavadın ömür yolu” adlı məruzə ilə çıxış etmişlər. Daha sonra DİA-nın tələbələrinin ifasında Əhməd Cavad irsindən nümunələr ifa edilmişdir.
- 19 Dek
- 2022