Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası ilə Mediasiya Şurası arasında birgə əməkdaşlıq haqqında anlaşma Memorandumunun imzalanması ilə əlaqədar tədbir keçirilib. Memorandum nəzəri və təcrübi biliklərin artırılmasını, tələbələr üçün təcrübə imkanlarının yaradılmasını, birgə tədqiqatların aparılmasını və digər məsələləri ehtiva edir. Tədbirdə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının rektoru akademik Urxan Ələkbərov digər ixtisaslarla yanaşı, hüquqşünaslıq ixtisası üzrə kadr hazırlayan və tələbələrin praktik bacarıqlarının inkişaf etdirilməsinə xüsusi önəm verildiyini qeyd edib və Mediasiya Şurası ilə əməkdaşlığın səmərəli olacağına inamını ifadə edib. İmzalanma mərasimində rektor Urxan Ələkbərov bildirib ki, son 30 ildə Azərbaycan böyük inkişaf yolu keçib. Azərbaycan Prezidenti İlham Əliyevin uğurlu siyasətinin əhəmiyyətini vurğulayan rektor qeyd edib ki, ölkəmizdə yaradılan innovativ idarəetmə sistemi nəticəsində respublikamız inklüziv inkişafa nail olub. İndi hər kəs öz həyatında bunu hiss edir. U.Ələkbərov Azərbaycanın inkişaf tendensiyasını nüfuzlu beynəlxalq qurumların yaydığı statistik göstəricilərlə əsaslandırıb. İdarəetmənin innovasiyaya təsirini və inkişafın əsas amillərini diqqətə çatdırıb. Rektor deyib ki, 44 günlük Vətən müharibəsi Azərbaycan dövlətçiliyi tarixində xüsusi mərhələ kimi qalacaq. Müstəqillik illərində Azərbaycanın bir çox istiqamətlərdə regional və qlobal liderə çevrildiyini qeyd edən U.Ələkbərov ölkəmizin inkişaf göstəricilərinin bir çox beynəlxalq təşkilatların rəsmi sənədlərində, müstəqil ekspertlər tərəfindən hazırlanmış hesabatlarda təsdiqini tapdığını bildirib. Mediasiya Şurası İdarə Heyətinin sədri Nadir Adilov bildirib ki, Dövlət İdarəçilik Akademiyasının ölkəmizin nüfuzlu ali təhsil ocaqlarından biri olduğunu vurğulayıb, DİA-nın məzunlarının müxtəlif dövlət və özəl qurumlarda aparıcı və rəhbər vəzifələr tutduqlarını bildirib. O, imzalanan memorandumun əməkdaşlığın genişləndirilməsi baxımından əhəmiyyətli sənəd olduğunu və hər iki təşkilat üçün faydalı olacaq bir sıra sahələrdə əməkdaşlığın və mühüm layihələrin həyata keçirilməsini nəzərdə tutulduğunu qeyd edib. Tədbirdə Mediasiya Şurası İntizam Komissiyasının sədri Mayıl Əhməd, 14 saylı mediasiya təşkilatının rəhbəri Gəray Məmmədtağıyev, Hüquq kafedrasının müdiri prof. İsaxan Vəliyev iştiraak etmişlər.
- 27 Dek
- 2022