loader image

Dia.edu.az

Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında “Vəkil günü” peşə bayramı ilə əlaqədar görüş keçirilib

28 dekabr 2022-ci il tarixində “Vəkil günü” peşə bayramı ilə bağlı Vəkillər Kollegiyasının Rəyasət Heyəti tərəfindən Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Hüquqşünaslıq ixtisası üzrə təhsil alan tələbələri ilə görüş təşkil edilmişdir. Tədbirdə çıxış edən DİA-nın Tədris işləri üzrə prorektoru Əlikram Abdullayev insan hüquqlarının müdafiəsinin təmin edilməsi sistemində vəkillik institutunun rolundan bəhs etmiş və 19 mart 2021-ci il tarixində Vəkillər Kollegiyası ilə Prezident yanında Dövlət İdarəçilik Akademiyası arasında imzalanmış Anlaşma Memorandumunun əhəmiyyətini vurğulamışdır. Prorektor əlavə etmişdir ki, bu səmərəli əməkdaşlıq nəticəsində hüquqşünaslıq ixtisası üzrə təhsil alan tələbələrimiz Vəkillər Kollegiyasının struktur bölmələrində və Vəkil bürolarında təcrübə keçmişlər, nəzəri və praktiki biliklərin inteqrasiyası prosesi təmin edilmiş və yüksək ixtisaslı gənc kadrların hazırlanmasında mühüm addımlar atılmışdır. Vəkillər Kollegiyasının Rəyasət Heyətinin sədr müavini, Hüquqi Yardım və Tədris Mərkəzinin direktoru Şahmar Məmmədov “Vəkillər və vəkillik fəaliyyəti haqqında” 28 dekabr 1999-cu il tarixli Qanununu nəzərdən keçirərək vəkillik fəaliyyətinin fəlsəfi və praktiki aspektləri barədə dinləyicilərə məlumat vermişdir. Qeyd edilmişdir ki, hər il dekabrın 28-nin “Vəkil günü” peşə bayramı kimi təsis edilməsi Heydər Əliyevin layiqli davamçısı olan Prezident İlham Əliyevin 25 dekabr 2019-cu il tarixli Sərəncamına əsasən həyata keçirilir. Daha sonra görüş interaktiv formada davam etmiş, Şahmar Məmmədov tələbələrin vəkillik institutu ilə əlaqədar onları maraqlandıran suallarını cavablandırmış və vəkilliklə bağlı maarifləndirmə tədbirinin DİA-da keçirilməsi məsələsinə dəstək göstərildiyi üçün Akademiya rəhbərliyinə təşəkkürünü bildirmişdir.