05-06 dekabr 2022-ci il tarixlərində Türkiyənin İstanbul şəhərində Türkiyə Prezidenti Administrasiyası yanında İnsan Resursları Ofisi və Türk Dövlətləri Birliyinin təşkil etdiyi İnsan Resursları Forumunda iştirak etmək üçün Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının “Dövlət qulluğu və kadr siyasəti” kafedrasının müdiri, siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent Rəcəb Rəhimli və Akademiyanın “İntellektual sistemlərin idarə olunması” kafedrasının müdiri, fizika-riyaziyyat üzrə fəlsəfə doktoru, dosent Elvin Əzizbəyov Türkiyəyə ezam olunmuşdur. Dünyanın 40 ölkəsindən mütəxəssislərin, Türkiyə Prezidenti Administrasiyası yanında İnsan Resursları Ofisinin rəhbərliyinin, şöbə və sektor müdirlərinin, layihə rəhbərlərinin, müxtəlif nazirliklərin, o cümlədən Türk Dövlətləri Birliyinin nümayəndələrinin qatıldığı Forumda dos.Rəcəb Rəhimli “Rəhbər dövlət idarəçiliyi kadrlarının hazırlanması” adlı məruzə ilə çıxış etmişdir. Məruzədə dos.Rəcəb Rəhimli son illər ölkəmizdə dövlət idarəçiliyi və dövlət qulluğu sahəsində həyata keçirilən islahatlardan və əldə edilən uğurlardan danışaraq qeyd etmişdir ki, əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən həyata keçirilən islahatlar nəticəsində ölkəmizdə müasir, çevik dövlət qulluğu sistemi qurulmuş, kreativ düşüncəli dövlət qulluqçuları korpusu formalaşdırılmış, dövlət xidmətlərinin keyfiyyəti yüksəldilmişdir. Məruzəçi çıxışında Azərbaycan Respublikasının Konstitusiyasında edilən dəyişikliklərdən, Azərbaycan Respublikasında dövlət qulluğunun inkişafına dair 2019-2025-ci illər üçün Strategiyadan, Nazirlər Kabinetinin 2021-ci ildə təsdiq etdiyi “Dövlət qulluqçusunun xidməti fəaliyyətinin qiymətləndirilməsi Qaydası”ndan danışmışdır. O, dövlət qulluqçularının fəaliyyətinin qiymətləndirilməsini və dövlət qulluğunun inkişafına dair 2019-2025-ci illər üçün Strategiyada dövlət qulluğu sisteminin inkişafı məqsədilə institusional quruculuq, kadr siyasəti, dövlət qulluqçularının rotasiyası, dövlət qulluğunda səriştə (kompetensiya) və mütərəqqi motivasiya (həvəsləndirmə) modellərinin tətbiqini, o cümlədən bir sıra əlaqəli sahələrdə əsaslı islahatların həyata keçirilməsinin vacibliyini mühüm məsələ kimi qeyd etmişdir. Bundan əlavə dosent Rəcəb Rəhimli rəhbər dövlət idarəçiliyi kadrlarının hazırlanması sahəsində Dövlət İdarəçilik Akademiyasının rolu, “Yüksəliş” müsabiqəsi və kadr ehtiyatı bankı haqqında tədbir iştirakçilarına məlumat vermişdir. DİA-nın “İntellektual sistemlərin idarə olunması” kafedrasının müdiri, dos. E. Əzizbəyov isə Beynəlxalq Forumda dövlət idarəçiliyində İT texnologiyaların tətbiqi, rəqəmsal iqtisadiyyatda texniki-informasiya üsulları (Crowdsourcing, Project management, İT-management), risklərin idarə olunmasında Big Data sistemlərinin rolu və digər mövzularda Forum iştirakçıları ilə səmərəli müzakirələr aparmışdır.
- 30 Dek
- 2022