This is the heading
Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası “Beynəlxalq münasibətlər və xarici siyasət” kafedrasının təşkilatçılığı ilə müasir dövrün ən aktual məsələlərindən birinə həsr olunan “Beynəlxalq münaqişələr və onların nizamlanması” mövzusunda beynəlxalq elmi-praktik onlayn-konfrans keçirilib. Beynəlxalq konfransı giriş nitqı ilə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası “Beynəlxalq münasibətlər və xarici siyasət” kafedrasının rəhbəri hüquq elmləri doktoru, professor Namiq Əliyev açmışdır. Natiq, öz çıxışında beynəlxalq münaqişələrin nizamlanması ilə bağlı yeni yanaşmaların tətbiqinin artıq zərurət halına gəldiyini və aparılan tədqiqatlarda yeni çözüm yollarının ortaya qoyulmasının əhəmiyyətini diqqətə çatdırdı. Daha sonra 8 ölkədən (Azərbaycan, Bolqarıstan, Gürcüstan, İsrail, Litva, Moldova, Qırğızıstan, və Rusiya) konfransa qatılan tanınmış alim və ekspertlər hazırladıqlavərı təqdimatlarla çıxış edərək müzakirələr apardılar. Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının “Beynəlxalq münasibətlər və diplomatiya” ixtisası üzrə təhsil alan sonuncu kurs magistrantların da iştirak etdiyi müzakirələrdə planetimizin müxtəlif bölgələrində, o cümlədən Yaxın Şərq, Cənubi Qafqaz və Mərkəzi Asiya regionlarında baş vermiş bir çox beynəlxalq münaqişələr gözdən keçirilərək onların nizamlanmasıyla bağlı müxtəlif yanaşmalar ortaya qoyuldu və hər münaqişəyə uyğun özünəməxsus yeni həll variantları səsləndirildi. Sonda konfrans iştirakçılarına professor Namiq Əliyevin elmi redaktəsi ilə “Elm və təhsil” nəşriyyatında Azərbaycan və rus dillərində çap olunmuş “Beynəlxalq münaqişələr və onların nizamlanması” adlı məqalələr toplusu təqdim olundu.