Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında “Beynəlxalq münasibətlər nəzəriyyəsi” adlı yeni dərslik nəşr edilib. Dərsliyin müəllifi fəlsəfə elmləri doktoru professor Etibar Nəcəfovdur. Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının “Beynəlxalq Münasibətlər və Xarici Siyasət” kafedrasının müdiri hüquq elmləri doktoru, professor Namiq Əliyevin elmi redaktorluğu ilə yazılan dərsliyin müəllifi ABŞ-ın Nyu-York şəhərində yerləşən Kolumbiya Universitetinin Beynəlxalq və İctimai Əlaqələr Məktəbində (School of İnternational and Public Affairs) elmi ezamiyyətdə olduğu vaxt dinlədikləri mühazirələr, eləcə də Azərbaycanın bir neçə ali məktəbində beynəlxalq münasibətlər nəzəriyyəsi fənnindən oxuduğu mühazirələr əsasında tərtib edilmişdir. Dərslikdə liberalizm, realizm, neorealizm, neoliberalizm, “İngilis Məktəbi”, marksizm, neomarksizm, konstruktivizm, feminizm və yaşıl siyasət kimi beynəlxalq münasibətlərin əsas nəzəriyyələri təhlil olunur. Bundan başqa dərslikdə “qərarın qəbul edilməsi nəzəriyyəsi”, “oyunlar nəzəriyyəsi”, “cücənin oyunu”, “məhbus dilemması” kimi aktorların davranış nəzəriyyələri, eləcə də “güc və ondan istifadə metodları”, “milli maraq və təhlükəsizlik dilemması”, “milli maraq və ideologiya”, “xarici və daxili siyasət arasında münasibət”, “diplomatiya və onun növləri”, “beynəlxalq münaqişələr və onların tənzimlənməsi”, “müharibə, onun səbəbləri və növləri”, “beynəlxalq əməkdaşlıq”, “qloballaşma və onun beynəlxalq əməkdaşlığın inkişafına təsiri” kimi beynəlxalq münasibətlər nəzəriyyəsinin aktual problemləri tədqiq olunur. On yeddi fəsildən ibarət olan dərsliyin hər bir fəslinin sonunda fəslə aid suallar və ədəbiyyat siyahısı verilmişdir. Dərslik beynəlxalq münasibətlər, beynəlxalq hüquq, politologiya, tarix, regionşünaslıq ixtisasları üzrə təhsil alan tələbələr, magistrlər, doktorantlar, həmçinin müəllimlər və beynəlxalq münasibətlərin nəzəri problemləri ilə maraqlananlar üçün nəzərdə tutulmuşdur.
- 25 Yan
- 2023