loader image

Dia.edu.az

“Heydər Əliyev müasir dövlət idarəçiliyinin banisidir”- elmi konfrans

Fevralın 8-də “Heydər Əliyev İli” çərçivəsində Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası (DİA) və “Azərbaycan” qəzetinin birgə təşkil etdiyi “Heydər Əliyev müasir dövlət idarəçiliyinin banisidir” mövzusunda elmi konfrans keçirilib. Əvvəlcə konfrans iştirakçıları Ulu Öndərin DİA-dakı büstü önünə gül dəstələri qoyublar. Konfransda DİA-nın rektoru akademik Urxan Ələkbərov “Dövlət idarəçiliyində Heydər Əliyev fenomeni və Azərbaycanın davamlı inklüziv inkişafı” mövzusunda məruzə ilə çıxış edib. Rektor Ulu Öndərin müasir müstəqil dövlətimizin qurulmasında, möhkəmlənməsində, Azərbaycan dövləti və xalqı qarşısındakı müstəsna xidmətlərindən, onun zəngin siyasi irsinin, dövlət idarəçilik təcrübəsinin əhəmiyyətindən danışıb. O qeyd edib ki, Azərbaycan Respublikası son illərdə iqtisadi, sosial və humanitar inkişaf, eləcə də ölkənin təhlükəsizliyinin təmin edilməsi sahələrində ən yüksək nailiyyətlər qazanıb. Bu nailiyyətlər Azərbaycanda tətbiq edilən innovativ dövlət idarəçilik texnologiyalarının, uğurla həyata keçirilən insan inkişafı siyasətinin, ardıcıl və məqsədyönlü islahatların, dövlət qulluğu sistemi üçün yüksək səviyyəli kadr potensialının formalaşdırılması və səfərbər olunmasının məntiqi nəticəsidir. Bütün bu proseslərin əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulub, Prezident İlham Əliyev tərəfindən yaradıcılıqla inkişaf etdirilib yeni səviyyəyə qaldırılıb. Akademik Urxan Ələkbərov davamlı inkişaf, inklüziv cəmiyyətin formalaşması üçün dövlət idarəçiliyinin yeni texnologiyaları sahəsində ölkənin əldə etdiyi uğurları qeyd edib. Rektor diqqətə çatdırıb ki, Azərbaycan Respublikası qlobal miqyasda prioritet kimi qəbul edilən inklüziv inkişafın səmərəli planlaşdırılması və idarə edilməsi üzrə dünya lideridir. İnklüziv inkişaf sahəsində Azərbaycan Respublikasının yüksək göstəricilər əldə etməsində və sosial siyasətin reallaşdırılması baxımından dünya liderinə çevrilməsinin təməlində Prezident İlham Əliyevin innovativ dövlət idarəçiliyi strategiyasının olduğu xüsusi vurğulanıb. Qazanılan uğurların 44 günlük Vətən müharibəsindəki parlaq Qələbədə böyük rolunun olduğuna diqqət çəkilib. Bildirilib ki, Azərbaycanın hazırkı davamlı inkişafı dövlət idarəçiliyi sahəsində reallaşdırılan ardıcıl uğurlu islahatların nəticəsidir. O, həmçinin Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın rəhbərliyi ilə həyata keçirilən fəaliyyətin uğurlarını qeyd edib. Daha sonra “Azərbaycan” qəzetinin baş redaktoru, Milli Məclisin deputatı Bəxtiyar Sadiqov “Müstəqil Azərbaycan Heydər Əliyevin şah əsəridir”, Dövlət İdarəçilik Akademiyasının tədris işləri üzrə prorektoru professor Əlikram Abdullayev “Dövlət idarəçiliyi sahəsində islahatların universal açarı”, Milli Məclisin deputatı, Dövlət qulluğu və kadr siyasəti kafedrasının dosenti Aydın Mirzəzadə “Azərbaycan cəmiyyətinin müasirləşməsində Heydər Əliyevin rolu”, Dövlət qulluğu və kadr siyasəti kafedrasının professoru Ziyafət Həbibova “Siyasi liderliyin Heydər Əliyev örnəyi”, Qarabağ İrsini Araşdırma Mərkəzinin rəhbəri professor Elçin Əhmədov “Azərbaycanın milli maraqlarını uca tutan görkəmli dövlət xadimi” mövzularında məruzə ilə çıxış ediblər.