İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi, Koreya Beynəlxalq Əməkdaşlıq Agentliyinin və Dövlət İdarəçilik Akademiyasının əməkdaşlığı çərçivəsində 2023-cü il 26 yanvar və 28 fevral tarixlərində beş həftəlik “Akselerasiya və Mentorluq potensialının gücləndirilməsi” proqramı keçirilmişdir. Proqram iki fərqli istiqamətdən ibarət olub, startaplara akselerasiya proqramı (SAP) və mentorlara mentorluq (TTT) proqramlarından ibarətdir. Proqramın məqsədi müxtəlif sahələrdə innovasiya və startapların formalaşdırılması və həyata keçirilməsi ilə bağlı nəzəri və praktik biliklərin tələbələrdə formalaşdırmaqla bu sahədə rəqabətqabiliyyətli kadr potensialının hazırlanmasıdır. Proqram hibrid şəkildə təşkil olunmuşdur. Proqram çərçivəsində dərslər koreyalı mütəxəssislər tərəfindən tədris edilmişdir. Koreyadan ölkəyə dörd mütəxəssis dəvət edilmişdir. Bunlar Brian Lee – BCA şirkətinin rəhbəri, Inha Universitetinin professoru, Nanuhm Mələk İnvestorlar şirkətinin investoru, Eddie Choi – Corent şirkətinin rəhbəri, SKKU Universitetinin professoru, Joseph Lee – Joongbu Universitetinin professoru, Innowell Koreya şirkətinin rəhbəri, SME və Startup Nazirliyinin rəhbər əməkdaşı, Andrew Cha – UTKoreya şirkətinin rəhbəri, KAIST Universitetinin professorudur. Proqram 26 yanvar tarixində online olaraq başlamış və ilkin online mərhələ 6 fevral tarixində başa çatmışdır. 7 fevral tarixindən offline mərhələ, Dövlət İdarəçilik Akademiyasında 28 fevral tarixinə kimi davam etmişdir. Proqrama ölkə üzrə müxtəlif qabaqcıl universitetlərdən 200 müraciət daxil olmuşdur, lakin yekun olaraq 20 startap komandası və 20 təlimçi proqramda iştirak etmək üçün qəbul olunmuşdur. Dövlət İdarəçilik Akademiyasının İnzibati idarəetmə fakültəsinin iki komandası finala qədər yüksələrək qalib 10 komanda sırasına yüksəlmişdir. Sonda qalib gələn komanda üzvlərinə sertifikatlar təqdim olunmuşdur.
- 03 Mar
- 2023