loader image

Dia.edu.az

Azərbaycanlılara qarşı soyqırımı cinayətləri və etnik təmizləmə siyasəti – konfrans

Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında (DİA) 31 Mart - Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar “105 illik tarix: Azərbaycanlılara qarşı soyqırımı cinayətləri və etnik təmizləmə siyasəti” mövzusunda elmi-praktik konfrans keçirilib. Əvvəlcə soyqırımı qurbanlarının və şəhidlərin xatirəsi anılıb. Tədbirdə çıxış edən DİA-nın rektoru akademik Urxan Ələkbərov zaman-zaman ermənilər tərəfindən xalqımıza qarşı həyata keçirilən deportasiya və soyqırımı siyasətindən danışıb, bütün dövrlərdə hər bir azərbaycanlı ailəsinin bu deportasiya və soyqırımına məruz qaldığını bildirib. O, erməni millətçilərinin mənfur niyyətlərini, törətdikləri hadisələri faktlarla diqqətə çatdırıb. Rektor qeyd edib ki, ermənilərin azərbaycanlılara qarşı törətdikləri soyqırımına Ümummilli Lider Heydər Əliyevin 1998-ci il 26 mart tarixli Fərmanı ilə siyasi qiymət verilib, martın 31-i Azərbaycanlıların Soyqırımı Günü elan edilib. U.Ələkbərov ermənilərin bütün dövrlərdə xalqımıza qarşı həyata keçirdikləri mənfur siyasətinin gənc nəslə çatdırılmasının böyük əhəmiyyət daşıdığını bildirib, gənclərə tariximizi unutmamağı tövsiyə edib. Sonra Tarix kafedrasının müdiri dosent Firdovsiyyə Əhmədova, Milli Məclisin deputatı, Dövlət qulluğu və kadr siyasəti kafedrasının dosenti Aydın Mirzəzadə, Hüquq kafedrasının müəllimi, hüquq üzrə fəlsəfə doktoru Seyfulla Aslanovun mövzu ilə bağlı məruzələri dinlənilib. Məruzəçilər bildiriblər ki, Mart soyqırımı erməni millətçilərinin planlı şəkildə həyata keçirdiyi vandalizm aktıdır. Son 200 ildə xalqımıza qarşı erməni millətçiləri tərəfindən məqsədyönlü şəkildə aparılan etnik təmizləmə, soyqırımı və təcavüzkar siyasət Azərbaycan tarixinin faciələrlə, qanlı hadisələrlə dolu çox ağrılı mərhələlərini təşkil edir. Bu millətçi-şovinist siyasətin əsas məqsədi azərbaycanlıları öz tarixi torpaqlarından qovmaqla əzəli Azərbaycan ərazilərində ermənilərin uydurduqları “böyük Ermənistan” dövləti yaratmaq olub. Tarixi faktlar göstərir ki, Azərbaycanın strateji baxımdan böyük əhəmiyyətə malik olan Qarabağ bölgəsinin dağlıq hissəsinə İrandan və Türkiyədən çoxlu sayda erməni əhalisinin köçürülməsinə XIX əsrin əvvəllərində başlanılıb. XX əsrin əvvəllərində erməni millətçiləri “Daşnaksütyun” partiyasının proqramında irəli sürülən “böyük Ermənistan” ideyasını reallaşdırmaq istiqamətində fəaliyyətlərini genişləndirərək azərbaycanlıları planlı surətdə doğma yurdlarından qovmaqla etnik təmizləmə və soyqırımı siyasətini həyata keçirməyə başladılar. Belə ki, 1905-1906-cı illərdə ermənilər Bakıda, Gəncədə, Qarabağda, İrəvanda, Naxçıvanda, Ordubadda, Şərur-Dərələyəzdə, Tiflisdə, Zəngəzurda, Qazaxda və başqa yerlərdə dinc azərbaycanlılara qarşı qırğınlar törədib, əhalini amansızlıqla qətlə yetirib, şəhər və kəndləri yandırıb dağıdıblar. Diqqətə çatdırılıb ki, erməni millətçilərinin təcavüzkar siyasəti nəticəsində təkcə XX əsrdə azərbaycanlılar dörd dəfə - 1905-1906-cı, 1918-1920-ci, 1948-1953-cü və 1988-1993-cü illərdə soyqırımına məruz qalıblar. 1918-1920-ci illərdə ermənilər tərəfindən törədilmiş kütləvi qırğınların Bakı, Quba, Şamaxı, Kürdəmir və Lənkəranla yanaşı, Şuşada, İrəvan quberniyası ərazisində, Zəngəzurda, Naxçıvanda, Şərurda, Ordubadda, Qarsda və başqa bölgələrdə həyata keçirilməsi nəticəsində yüz minlərlə azərbaycanlı ən qəddar üsullarla qətlə yetirilib.