“Heydər Əliyev İli” çərçivəsində Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası (DİA) və Azərbaycan Respublikası Baş Prokurorluğu martın 10-da “Ümummilli Lider Heydər Əliyev Azərbaycanda konstitusion-hüquqi islahatların banisidir” mövzusunda elmi-praktik konfrans keçirib. Tədbirdə DİA-nın rektoru akademik Urxan Ələkbərov “Dövlət idarəçiliyində Heydər Əliyev fenomeni və müasir Azərbaycanın davamlı inklüziv inkişafı” mövzusunda məruzə ilə çıxış edib. Rektor Ulu Öndərin müasir müstəqil dövlətimizin qurulmasında və inkişafında müstəsna xidmətlərindən, onun zəngin siyasi irsinin, dövlət idarəçilik təcrübəsinin əhəmiyyətindən danışıb. Qeyd edilib ki, Azərbaycan Respublikası son illərdə iqtisadiyyat, sosial, humanitar və digər sahələrdə yüksək nailiyyətlər qazanıb. Bu nailiyyətlər Azərbaycanda tətbiq edilən innovativ dövlət idarəçilik texnologiyalarının, uğurla həyata keçirilən insan inkişafı siyasətinin, ardıcıl və məqsədyönlü islahatların, dövlət qulluğu sistemi üçün yüksək səviyyəli kadr potensialının formalaşdırılmasının məntiqi nəticəsidir. Bütün bu proseslərin əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulub, Prezident İlham Əliyev tərəfindən yaradıcılıqla inkişaf etdirilib. Akademik U.Ələkbərov davamlı inkişaf, inklüziv cəmiyyətin formalaşması üçün dövlət idarəçiliyinin yeni texnologiyaları sahəsində ölkənin əldə etdiyi uğurları qeyd edib. Rektor diqqətə çatdırıb ki, Azərbaycan Respublikası qlobal miqyasda prioritet kimi qəbul edilən inklüziv inkişafın səmərəli planlaşdırılması və idarə edilməsi üzrə dünya lideridir. İnklüziv inkişaf sahəsində Azərbaycanın yüksək göstəricilər əldə etməsində və sosial siyasətin reallaşdırılması baxımından dünya liderinə çevrilməsinin təməlində Prezident İlham Əliyevin innovativ dövlət idarəçiliyi strategiyasının olduğu xüsusi vurğulanıb. Qazanılan uğurların 44 günlük Vətən müharibəsindəki parlaq Qələbədə böyük rolunun olduğuna diqqət çəkilib. Bildirilib ki, Azərbaycanın hazırkı davamlı inkişafı dövlət idarəçiliyi sahəsində reallaşdırılan ardıcıl uğurlu islahatların nəticəsidir. U.Ələkbərov Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın rəhbərliyi ilə həyata keçirilən fəaliyyətin uğurlarını diqqətə çatdırıb. Baş Prokurorluğun Elm-Tədris Mərkəzinin rəisi III dərəcəli dövlət ədliyyə müşaviri Mübariz Əhmədovun “Ulu Öndərin zəkasının işığı müstəqil Azərbaycan prokurorluğunda”, Dövlət Gömrük Komitəsinin Akademiyasının rəisi Qulu Novruzovun “Ümummilli Lider Heydər Əliyevin Naxçıvan diplomatiyası”, Milli Məclisin deputatı, hüquq üzrə fəlsəfə doktoru, dosent Bəhruz Məhərrəmovun “Məhkəmə-hüquq islahatları və beynəlxalq standartlar: Heydər Əliyevin hüquq siyasəti kontekstində”, Milli Məclisin deputatı Kamal Cəfərovun “Heydər Əliyev və milli təhlükəsizlik məsələləri”, Dövlət Təhlükəsizliyi Xidmətinin Heydər Əliyev adına Akademiyasının rəisi əvəzi Elşad Nəsirovun “Azərbaycan Respublikasında hakimiyyət bölgüsü mexanizmlərinin formalaşmasında və inkişafında Ümummilli Lider Heydər Əliyevin rolu”, Prokurorluq işçilərinin fəaliyyətinin qiymətləndirilməsi və peşə hazırlığının təşkili şöbəsinin rəisi hüquq üzrə fəlsəfə doktoru Nigar Qələndərlinin “Heydər Əliyev və Azərbaycanda demokratik dövlət quruculuğu” mövzularında məruzələri dinlənilib. Həmçinin Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin dekanı hüquq üzrə fəlsəfə doktoru, dosent Zaur Əliyev “Ulu Öndər Heydər Əliyev və Azərbaycanda insan hüquqları”, Dövlət İdarəçilik Akademiyasının Hüquq kafedrasının dosenti, hüquq üzrə fəlsəfə doktoru Fəxrəddin Nağıyev “Ümummilli Lider Heydər Əliyevin konstitusiya dərsləri: konstitusiya komissiyasının fəaliyyəti müstəvisində”, Elm-Tədris Mərkəzinin böyük prokuroru İradə Xəlilova “Ölüm hökmünün ləğvi yaşamaq hüququnun konstitusion-hüquqi təminatı kimi”, Elm-Tədris Mərkəzinin şöbə prokuroru Rəşad Qasımov “Vətəndaş məmnunluğunun hüquqi dövlət quruculuğunda rolu” mövzularında məruzə ilə çıxış ediblər. Dövlət İdarəçilik Akademiyasının Hüquq kafedrasının müdiri professor İsaxan Vəliyevin “Milli təhlükəsizliyin konstitusion təminatı”, Hüquq kafedrasının dosenti, hüquq üzrə fəlsəfə doktoru Samirə Babayevanın “Ulu Öndər Heydər Əliyevin hüquq siyasəti: cinayət hüququ elmi kontekstində”, Hüquq kafedrasının müəllimi, hüquq üzrə fəlsəfə doktoru Seyfulla Aslanovun “Cəmiyyətdə sosial ədalətin təmini Ümummilli Lider Heydər Əliyev siyasətinin prioritet istiqaməti kimi” mövzularında məruzələri də maraqla qarşılanıb.
- 03 Apr
- 2023