loader image

Dia.edu.az

DİA-da təlim: Müasir dövrdə dövlət qulluqçularının xidməti fəaliyyətinin qiymətləndirilməsi

Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası (DİA) tərəfindən yerli icra hakimiyyəti orqanlarının əməkdaşları üçün növbəti onlayn təlim keçirilib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən 2023-cü ilin “Heydər Əliyev İli” elan etməsi ilə əlaqədar DİA-da nəzərdə tutulan tədbirlər planında dövlət qulluqçuları üçün təlimlərin keçirilməsi planlaşdırılıb. Bu məqsədlə Dövlət İdarəçilik Akademiyası yerli icra hakimiyyəti orqanlarının əməkdaşları üçün silsilə təlimlər təşkil edir. Təlimdə DİA-nın Dövlət qulluğu və kadr siyasəti kafedrasının müdiri dosent Rəcəb Rəhimli “Müasir dövrdə dövlət qulluqçularının xidməti fəaliyyətinin qiymətləndirilməsi” mövzusunda mühazirə ilə çıxış edib. O, Prezident İlham Əliyev tərəfindən “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2020-ci il 24 noyabr tarixli Qanununun qüvvəyə minməsi və həmin Qanunun tətbiqi məqsədilə 2020-ci il dekabrın 26-da imzalanmış Fərmanı, bundan irəli gələn dəyişikliklərin dövlət qulluqçusunun fəaliyyətinə nəzarətin həyata keçirilməsi, onun potensial imkanlarının aşkara çıxarılması, dövlət qulluqçusunun xidməti fəaliyyətinin qiymətləndirilməsi kimi məsələləri qeyd edib. Təşkil olunan təlimin əsas məqsədi bu dəyişikliklərin izahı və həyata keçirilməsi metodlarının rəhbər heyətin diqqətinə çatdırılmasıdır. R.Rəhimli təlim iştirakçılarına dövlət qulluqçusunun xidməti fəaliyyətinin qiymətləndirilməsinin məqsədi, qiymətləndirilməyə hazırlıq, qiymətləndirilmə dövrü, həyata keçirilməsi metodları və nəticələrin hesablanmasının yeni düsturlar vasitəsilə izahını verib, həmçinin qiymətləndirmənin nəticəsinə əsasən tətbiq edilən tədbirlər barədə slaydlarla müşayiət olunan geniş təqdimat edib. Təlim iştirakçılarının diqqətinə çatdırılıb ki, yeni dəyişikliklərin əsas məqsədi dövlət qulluqçusunun fəaliyyətinə yeni innovativ metodlarla nəzarətin həyata keçirilməsi, onun potensial imkanlarının aşkara çıxarılması, peşəkarlığının artırılması, yüksək mənəvi və etik dəyərləri əsas tutan, bilik, bacarıq və müsbət şəxsi keyfiyyətləri ilə seçilən dövlət qulluqçularının vəzifədə irəli çəkilməsi, o cümlədən dövlət orqanının fəaliyyətində səmərəliliyin artırılması kimi vacib məsələləri özündə ehtiva edir. Təlimin sonunda Rəcəb Rəhimli dövlət qulluqçularını maraqlandıran sualları cavablandırıb və praktik tövsiyələr verib.