“Heydər Əliyev İli” çərçivəsində Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında “Ümummilli Lider Heydər Əliyev Azərbaycanda müstəqil dövlət quruculuğu siyasətinin banisi kimi” mövzusunda elmi-praktiki konfrans keçirilib. Konfransda Milli Məclisin deputatları, siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent Aydın Mirzəzadə “Heydər Əliyev və Azərbaycanda müstəqil dövlət quruculuğu”, siyasi elmlər doktoru, professor Elşad Mirbəşiroğlu “Azərbaycanda dövlət idarəçiliyinin təkmilləşdirilməsində Heydər Əliyevin rolu”, Milli Məclisin Sosial qanunvericilik şöbəsinin müdiri, siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent Adil Vəliyev “Heydər Əliyev – Azərbaycanda müasir qanunvericilik sisteminin dövlət təminatçısı”, Dövlət İdarəçilik Akademiyasının Politologiya və siyasi idarəetmə kafedrasının müdiri, fəlsəfə elmləri doktoru, professor Nigar Ələkbərova “Ümummilli Lider Heydər Əliyev Azərbaycan Respublikasının mədəniyyət siyasətinin banisi kimi”, Dövlət İdarəçilik Akademiyasının Politologiya və siyasi idarəetmə kafedrasının professor əvəzi, siyasi elmlər doktoru Sevil Məmmədova “Heydər Əliyevin müstəqil dövlət quruculuğu strategiyasında ictimai-siyasi sabitlik amili” mövzularında məruzələrlə çıxış ediblər. Konfransda müstəqil Azərbaycanın enerji təhlükəsizliyinin təmin edilməsi, dövlət quruculuğunun sistemli şəkildə yaradılması və modernləşdirilməsi, müasir qanunvericiliyin beynəlxalq standartlara və milli xüsusiyyətlərə uyğun olaraq formalaşdırılması, daxili siyasətdə ictimai-siyasi sabitliyin gerçəkləşdirilməsi və möhkəmləndirilməsi, suveren, demokratik və hüquqi dövlətimizin mədəniyyət siyasətinin əsasının qoyulması və həyata keçirilməsi, milli mədəniyyətimizin beynəlxalq müstəvidə yumşaq və ağıllı güc qismində təsir imkanları, həmçinin ölkəmizin müsbət, cəlbedici imicinin yaradılması və yüksəldilməsi amilinə çevrilməsində Ulu Öndər Heydər Əliyevin unikal rolu diqqətə çatdırılıb. Ümummilli Liderin müasir müstəqil dövlətimizin qurulmasında və inkişafında müstəsna xidmətləri, onun zəngin siyasi irsi, dövlət idarəçilik təcrübəsinin əhəmiyyəti qeyd edilib.
- 16 Apr
- 2023