loader image

Dia.edu.az

“Heydər Əliyevin dövlətçilik fəlsəfəsi və azərbaycançılıq ideologiyası” mövzusunda elmi seminar keçirilib

Mayın 4-də Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Heydər Əliyev Dövlət İdarəçilik Məktəbi və Heydər Əliyev Mərkəzinin təşkilatçılığı ilə ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr edilmiş “Heydər Əliyevin dövlətçilik fəlsəfəsi və azərbaycançılıq ideologiyası” mövzusunda elmi seminar keçirilib. AZƏRTAC xəbər verir ki, seminarı giriş nitqi ilə açan Dövlət İdarəçilik Akademiyasının rektoru akademik Urxan Ələkbərov Azərbaycanın son illərdə iqtisadi, sosial və humanitar inkişaf, eləcə də ölkənin təhlükəsizliyinin təmin edilməsi sahələrində ən yüksək nailiyyətlər qazandığını bildirib. Bu nailiyyətlər Azərbaycanda tətbiq edilən innovativ dövlət idarəçilik texnologiyalarının, uğurla həyata keçirilən insan inkişafı siyasətinin, ardıcıl və məqsədyönlü islahatların, dövlət qulluğu sistemi üçün yüksək səviyyəli kadr potensialının formalaşdırılmasının və səfərbər olunmasının məntiqi nəticəsi olduğunu deyən rektor vurğulayıb ki, bütün bu proseslərin əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulub, Prezident İlham Əliyev tərəfindən yaradıcılıqla inkişaf etdirilib və yeni səviyyəyə qaldırılıb. Akademik Urxan Ələkbərov davamlı inkişaf, inklüziv cəmiyyətin formalaşması üçün dövlət idarəçiliyinin yeni texnologiyaları sahəsində ölkənin əldə etdiyi uğurları qeyd edib. Bildirilib ki, Azərbaycanın hazırkı davamlı inkişafı dövlət idarəçiliyi sahəsində reallaşdırılan ardıcıl uğurlu islahatların nəticəsidir. O, həmçinin Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın rəhbərliyi ilə həyata keçirilən fəaliyyətin uğurlarını qeyd edib. Prezident yanında Dövlət İdarəçilik Akademiyasının I prorektoru professor Əlikram Abdullayev bildirib ki, milli dövlətə mənsubluq əsrlər boyu hər bir xalqın nəyə qadir olduğunu, şərəfli mübarizə yolunu nümayiş etdirib. Qeyd edib ki, milli identikliyin yüksək səviyyədə formalaşması dövlətçiliyimizin və birliyimizin möhkəmlənməsi, Azərbaycanın modernləşməsi istiqamətində ən zəruri amillərdən biri olub. Həmçinin Azərbaycanda tolerantlıq kimi multikulturalizm ideyalarına sadiqlik hər zaman güclü olub. O vurğulayıb ki, Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi altında ölkəmizdə Azərbaycan xalqının multikultural ənənələrinin qorunması və inkişaf etdirilməsi sahəsində həyata keçirilən siyasi istiqaməti yeni mərhələdə Prezident İlham Əliyev uğurla inkişaf etdirir. Elmi seminarda Heydər Əliyev Mərkəzinin nümayəndəsi Nailə Həsənova bildirib ki, Ümummilli Lider Heydər Əliyevin siyasi xətti, siyasi idarəçilik nəzəriyyəsi alternativi olmayan dövlətçilik fəlsəfəsinə, milli quruculuğun nəzəriyyə və təcrübəsinə çevrilir və hər gələn nəsil yenidən və yenidən bu siyasi irsi öyrənməlidir. “Bu baxımdan, Heydər Əliyev Mərkəzi Ulu Öndərin irsinin dərindən öyrənilməsində, onun azərbaycançılıq məfkurəsi və dövlətçilik fəlsəfəsinin təbliğində mühüm vəzifələri icra edir”, – deyə Nailə Həsənova diqqətə çatdırıb. “Heydər Əliyevin kadr siyasəti müasir Azərbaycan Respublikasının inkişaf strategiyasının təməli kimi” mövzusunda çıxış edən Dövlət İdarəçilik Akademiyasının “Dövlət qulluğu və kadr siyasəti” kafedrasının müdiri, siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent Rəcəb Rəhimli hələ sovet dövründə Ümummilli Lider Heydər Əliyevin dövlət aparatının milliləşdirilməsi, Azərbaycanda yeni idarəçi kadrların hazırlanması işinə böyük diqqət ayırdığını vurğulayıb. “Ümummilli Lider Heydər Əliyevin Azərbaycanın dövlət idarəçilik sisteminin qurulması üçün atdığı növbəti addım 2000-ci il iyulun 21-də “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununun qəbul edilməsi ilə bağlı olub. Bu qanun Azərbaycanda dövlət qulluğu sahəsində vahid dövlət siyasətinin formalaşdırılması, bu sahədə kadr siyasətinin əsas prinsiplərini, dövlət qulluqçularının cəmiyyətdəki yerini və onların hüquq və vəzifələrini müəyyənləşdirib”, – deyə o diqqətə çatdırıb. R.Rəhimli qeyd edib ki, uğurla davam etdirilən effektiv dövlət idarəetmə sistemi tam qurulub, hökumətin uzunmüddətli vizyonu formalaşdırılıb, dövlət xidmətlərindən vətəndaşların məmnunluq səviyyəsi yüksək səviyyədə təmin olunub.