“Heydər Əliyev İli” çərçivəsində Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında (DİA) Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş tədbirlər planına uyğun olaraq “Dövlət idarəçiliyi: nəzəriyyə və təcrübə” jurnalının xüsusi buraxılışı nəşr edilib. Bu barədə AZƏRTAC-a DİA-dan məlumat verilib. Bildirilib ki, DİA-nın nəşri olan “Dövlət idarəçiliyi: nəzəriyyə və təcrübə” jurnalının xüsusi buraxılışında akademiyanın professor-müəllim heyətinin Ulu Öndər Heydər Əliyevin həyat və fəaliyyətinin müxtəlif dövrlərini və sahələrini əhatə edən onlarla elmi məqaləsi çap edilib. 2003-cü ildən nəşr olunan jurnalda, eyni zamanda, Prezident İlham Əliyevin fəaliyyətinin qısa xronikası, qəbulları, səfərləri, çıxışları və müsahibələri, demokratik cəmiyyətdə dövlət idarəçiliyinin, yerli özünüidarəetmənin nəzəriyyə və təcrübəsi üzrə tədqiqatlar, dövlət idarəçiliyinə həsr olunmuş elmi məqalələr dərc olunur. Həmçinin jurnalda dövlət və hökumət rəsmilərinin, DİA-nın professor-müəllim heyətinin, gənc alim, doktorant və dissertantların, o cümlədən səfirlərin dövlət idarəçiliyinin müxtəlif problemlərinə həsr olunmuş məqalələri də çap olunur. “Dövlət idarəçiliyi: nəzəriyyə və təcrübə” jurnalı beynəlxalq səviyyədə əqli mülkiyyət hüququnun təmin edilməsi və qorunması məqsədilə beynəlxalq standart eyniləşdirmə nömrəsini alıb və 2309-1347 saylı beynəlxalq standart eyniləşdirmə nömrəsi ilə davam edən nəşrlərin beynəlxalq reyestrinə daxil edilib.
- 16 May
- 2023