Şuşa – Qarabağın tacı, Qafqazın sənət məbədi, Şərqin konservatoriyası,
Azərbaycanın ictimai-siyasi, mədəni həyatında mühüm xidmətləri olan görkəmli
xadimlərin vətəni, doğma şəhər, əziz bir torpaq, hərbi-strateji əhəmiyyətli qala və
müqəddəs abidədir. Bu baxımından, Azərbaycanın mədəniyyət paytaxtı Şuşanın zəngin
tarixi irsinin təbliği, Qarabağla bağlı həqiqətlərin beynəlxalq ictimaiyyətə çatdırılması
mühüm əhəmiyət kəsb edir. Eyni zamanda, Azərbaycan Prezidenti, Ali Baş Komandan
İlham Əliyevin rəhbərliyi ilə 2020-ci il noyabrın 8-də Azərbaycan Ordusu tərəfindən
Şuşanın işğalçılardan azad edilməsi, eləcə də şəhərin əsl tarixi siması, ənənələri və
qədim mədəni abidələrinin bərpası istiqamətində aparılan işlərin diqqətə çatdırılması
beynəlxalq ictimaiyyətin daha yaxından tanış olması baxımından da zəruridir.
Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının
“Qarabağ İrsini Araşdırma Mərkəzi”nin rəhbəri, professor, siyasi elmlər doktoru Elçin
Əhmədovun Azərbaycanın mədəniyyət paytaxtı Şuşa haqqında kitabları 8 xarici
olkədə və müxtəlif dillərdə – İtaliyada italyan, Gürcüstanda gürcü, Yunanıstanda yunan,
İordaniyada ərəb, Bolqarıstanda bolqar, Latviyada latış, Tacikistanda tacik, Fransada
fransız dillərində nəşr edilmişdir. Kitabların Romada, Tbilisidə, Sofiyada, Ammanda,
Riqada, Düşənbədə həmin ölkələrin dövlət qurumlarının, rəhbər-siyasi çevrələrinin,
parlamentarilərin, mədəniyyət, akademik və elmi dairələrin, kütləvi informasiya
vasitələrinin, o cümlədən həmin ölkələrdəki akkreditə olunan diplomatik korpusun
nümayəndələrinin iştirakı ilə geniş təqdimatları keçirilmişdir.
Təqdim edilən kitablarda Qarabağ xanlığının yaradılmasını şərtləndirən amillər,
Azərbaycanın mədəniyyət paytaxtı, Qarabağın tacı olan Şuşanın qədim tarixi, mədəni
və strateji əhəmiyyəti tədqiq edilir. Həmçinin, nəşrlərdə Şuşanın əsasının
qoyulmasından indiyə qədər keçdiyi bütün tarixi mərhələlər geniş şəkildə əhatə edilir. İlk
növbədə, Qarabağ xanlığının paytaxtı – Şuşa qalasının və şəhərin qədim qapı, meydan,
küçə məhəllələrinin salınması açıqlanır. Xüsusilə, Şuşa Azərbaycanın çoxəsrlik, zəngin
şəhərsalma mədəniyyətinin nadir nümunəsi kimi öyrənilir. Bununla yanaşı,
Azərbaycanın ictimai-siyasi və mədəni həyatında mühüm xidmətlər göstərən və əslən
Şuşadan olan Azərbaycanın çoxsaylı görkəmli şəxsiyyətləri haqqında geniş məlumat
verilir. Eyni zamanda, Şuşanın işğalından əvvəlki tarixi yerləri və memarlıq abidələrinin
fotoları da verilmişdir. Bununla yanaşı, XX əsrin sonunda Ermənistanın Azərbaycana
hərbi təcavüzü nəticəsində Şuşanın işğalı zamanı şəhərdə mədəni soyqırımı siyasəti,
xüsusilə tarixi-memarlıq abidələrinin erməni vandalizminə məruz qalması fotolarla
diqqətə çatdırılır. Ümümilikdə, nəşrlərdə qala-şəhərin işğaldan əvvəl, işğal vaxtı və
işğaldan azad edilməsindən sonrakı dövrü əks etdirən çoxsaylı fotoları izahlı şəkildə öz
əksini tapmışdır.
Bundan əlavə, Azərbaycanın İkinci Qarabağ müharibəsində qələbəsini şərtləndirən
amillər, xüsusilə hərbi-diplomatik və informasiya məkanında uğurlar təhlil edilir. Bununla
yanaşı, görkəmli dövlət xadimi Heydər Əliyevin 1969-1982-ci illərdə Qarabağa milli
ruhun yüksəldilməsi istiqamətində çoxşaxəli fəaliyyəti, xüsusilə Şuşaya zəngin tarixi
abidə kimi qayğısı geniş təqdiq edilir. Eyni zamanda, Azərbaycan Prezidenti, Ali Baş
Komandan İlham Əliyevin rəhbərliyi ilə 2020-ci il noyabrın 8-də Azərbaycan Ordusu
tərəfindən Şuşanın işğalçılardan azad edilməsi, eləcə də şəhərin əsl tarixi siması,
ənənələri və qədim mədəni abidələrinin bərpası istiqamətində aparılan işlər sistemliı
şəkildə tarixi faktlar və fotolarla diqqətə çatdırılır.
Qarabağ həqiqətlərinin beynəlxalq ictimaiyyətə çatdırılması baxımından mühüm
əhəmiyyət kəsb edən və Yünanıstan, Bolqarıstan, İordaniya, Gürcüstan, Tacikistanda
nəşr edilmiş kitablar Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik
Akademiyasının “Qarabağ İrsini Araşdırma Mərkəzi”nin rəhbəri, professor, siyasi elmlər
doktoru Elçin Əhmədovun müəllifliyi, İtaliyada professor Daniel Pommier Vinçelli,
Latviyada professor Kaspars Klavinş və dosent Nigar Sultanova, Fransada isə Jean-
Michel Brun ilə birgə həmmüəllifliyi ilə nəşr edilmişdir.
Məlum olduğu kimi, 2022-ci il martın 31-də Beynəlxalq Türk Mədəniyyəti
Təşkilatına (TÜRKSOY) üzv ölkələrin Mədəniyyət Nazirlərinin Daimi Şurasının
Türkiyənin Bursa şəhərində keçirilən iclasında Şuşa şəhəri 2023-cü il üçün “Türk
dünyasının mədəniyyət paytaxtı” seçilmişdir.
Şuşa şəhərinin Azərbaycan tarixinin və mədəniyyətinin rəmzi olmasını təcəssüm
etdirən kitabların daha çox xarici dillərdə nəşr edilməsi və geniş təqdimatlarının
keçirilməsi Qarabağ həqiqətlərinin, xüsusilə Qarabağın tacı və Qafqazın mirvarisi olan
bu bənzərsiz şəhərinin dünyada təbliği 2023-cü il üçün “Türk dünyasının mədəniyyət
paytaxtı” seçildiyi il baxımından da çox mühüm əhəmiyyət kəsb edir.