Bakı Politoloqlar Klubunun təşəbbüsü, ADA Universitetinin dəstəyi ilə mayın 23-də Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100-cü ildönümü münasibətilə Bakı şəhərinin 11 ali təhsil müəssisəsi arasında “NHN”+ “Brain ring” formatında intellektual yarış təşkil olunub. Bilik yarışında ADA Universiteti, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası, Bakı Dövlət Universiteti, Azərbaycan Dillər Universiteti, Dövlət Neft və Sənaye Universiteti, Tibb Universiteti, Bakı Ali Neft Məktəbi, Xəzər Universiteti, Bakı Slavyan Universiteti, Dövlət Gömrük Akademiyası və Dövlət İqtisad Universitetinin komandaları iştirak ediblər. Maraqlı və gərgin mübarizə şəraitində keçən yarışda birinci yeri Dövlət İdarəçilik Akademiyasının, ikinci yer Dövlət Gömrük Akademiyasının, üçüncü yeri isə ADA Universitetinin komandaları tutub. İlk üç yeri tutan komandalara medallar, diplomlar və kubok, digər iştirakçılara isə sertifikatlar təqdim olunub. Yarışın rəsmi hissəsində çıxış edən ADA Universitetinin prorektoru Fariz İsmayılzadə Ulu Öndər Heydər Əliyevin gənclər sahəsində həyata keçirdiyi siyasətdən danışıb. Dahi Liderin fəaliyyətinin gənclər tərəfindən öyrənilməsinin vacibliyinə toxunan prorektor belə tədbirlərin tələbələrin intellektual inkişafına, tariximizlə bağlı biliklərinin artırılmasına xidmət etdiyini deyib. Bakı Politoloqlar Klubunun müşaviri Zaur Məmmədov çıxışı zamanı tələbələr arasında keçirilən intellektual yarışın məqsədləri barədə məlumat verib, tərtib edilmiş suallarda Ulu Öndər Heydər Əliyevin fəaliyyətinə hərtərəfli nəzər salındığını qeyd edib. O, Ümummilli Liderin adının xalqımız tərəfindən daim uca tutulacağına əminliyini ifadə edib. Ulu Öndərin çoxşaxəli dövlətçilik fəaliyyətindən, müstəqilliyimizin gücləndirilməsi istiqamətində misilsiz xidmətlərindən danışan Milli Məclisin deputatı Ceyhun Məmmədov Ümummilli Liderin ölkəmizdə əsasını qoyduğu gənclər siyasətindən danışıb. O, dahi şəxsiyyətin Azərbaycanda təhsilin inkişafına verdiyi önəmə diqqət çəkib. Vurğulanıb ki, bu gün Azərbaycan universitetləri xarici ölkələrin ali təhsil müəssisələri ilə əməkdaşlığı gücləndirir.
- 24 May
- 2023