Sankt-Peterburq şəhərində tələbələrin və gənc alimlərin “Tələbə tədqiqatları” VIII beynəlxalq elmi-tədqiqat işlərinin onlayn müsabiqəsi keçirilib. Müsabiqədə ölkəmizi Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının (DİA) Siyasi idarəetmə fakültəsinin 2-ci kurs tələbələri təmsil ediblər. Hüquq kafedrasının müəllimi, hüquq üzrə fəlsəfə doktoru Reyhan Cəfərovanın elmi rəhbərliyi ilə tələbələr – Murad Alməmmədov “Beynəlxalq kosmik hüquq”, Nərmin İsgəndərli “Beynəlxalq hüququn inkişafında BMT-nin rolu” və Ülviyyə Babayeva “Qadınların beynəlxalq və milli aspektlərdə müdafiəsi məsələsi” mövzularında elmi işlərini təqdim ediblər. Müsabiqənin nəticələrinə görə, hüquq elmləri istiqaməti üzrə I yerə Sibir Federal Universitetinin tələbəsi, II yerə DİA-nın tələbəsi Nərmin İsgəndərli, III yerə Murad Alməmmədov layiq görülüb. Ülviyyə Babayeva isə sosiologiya elmləri istiqaməti üzrə II yeri tutub. “Otkrıtıye” Elmi-Nəşriyyat Mərkəzinin Təşkilat Komitəsi təbrik müraciətində azərbaycanlı tələbələrin əməyini xüsusi qeyd edib. Qaliblərin diplomları müsabiqənin qaliblərinə göndərilib. Qeyd edək ki, müsabiqənin keçirilməsinin məqsədi tələbə və gənc alimlərin müxtəlif istiqamətlər üzrə intellektual potensialını üzə çıxarmaq, onların elmi-tədqiqat fəaliyyətini stimullaşdırmaqdır. Müsabiqə “Otkrıtıye” Elmi-Nəşriyyat Mərkəzinin bazasında Rusiya Federasiyasının ali məktəblərinin müəllimlərinin daxil olduğu komissiya tərəfindən keçirilir. Müsabiqə, ilk növbədə, işlərin qəbulundan, sonra isə yekun nəticələrin elan olunmasından ibarət iki mərhələdə təşkil edilir. “Tələbələrin tədqiqatı” tələbə və gənc alimlərin VIII beynəlxalq elmi-tədqiqat işlərinin müsabiqəsində Rusiya, Belarus, Qazaxıstan, Qırğızıstan, Macarıstanın müxtəlif regionlarından 32 əsər təqdim edilib.
- 06 İyn
- 2023