loader image

Dia.edu.az

Su ehtiyatlarının idarə edilməsində beynəlxalq təcrübəyə dair seminar

This is the heading

Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında (DİA) Dünya Bankı ilə imzalanan əməkdaşlıq haqqında protokol çərçivəsində dövlət sektorunun effektiv idarə edilməsi məqsədilə dövlət qulluqçuları üçün növbəti seminar keçirilib. Seminar Avropa İttifaqı tərəfindən maliyyələşdirilən və Dünya Bankı tərəfindən icra olunan Azərbaycana Çevik Texniki Yardım Aləti (AZTAF) çərçivəsində Dövlət İdarəçilik Akademiyası və Dünya Bankının birgə keçirdiyi “Su ehtiyatlarının idarə edilməsi (IWRM) – beynəlxalq qabaqcıl təcrübələr və tövsiyələr” mövzusunu əhatə edir. Seminar Dünya Bankı və DİA arasında əməkdaşlıq proqramı çərçivəsində dövlət sektorunun effektiv idarə edilməsi məqsədilə hazırkı və gələcək dövlət qulluqçularının bilik bazasının və potensialının yaradılması və təkmilləşdirilməsi üçün təsis olunmuş “öyrənmə platforması”nın bir hissəsidir. Seminarda iqtisadi və sosial rifahı, eləcə də ekosistemin dayanıqlığını maksimuma çatdırmaq üçün su ehtiyatlarının əlaqələndirilmiş şəkildə idarə edilməsi üçün IWRM prinsipləri və təcrübələri müzakirə olunub. IWRM su ehtiyatlarının istifadəsi və inkişafı, kəmiyyət və keyfiyyət məsələləri, yerüstü və qrunt suları, sahil sularının keyfiyyəti və duzsuzlaşdırılması, daşqınlar və quraqlıqlar və s. məsələlərlə bağlı həlləri əhatə edir. IWRM ilə bağlı beynəlxalq təcrübə və tövsiyələr Azərbaycan üçün xüsusilə aktualdır. Təlim sessiyası “Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nda qeyd olunduğu kimi, suyun effektiv idarə edilməsi üçün islahatlarla məşğul olan müvafiq dövlət qurumları üçün potensialın artırılmasında növbəti fürsət olacaq. Tədbirdə çıxış edən DİA-nın rektoru akademik Urxan Ələkbərov Ümummilli Lider tərəfindən müəyyənləşdirilmiş və Prezident İlham Əliyevin uğurla davam etdirdiyi inkişaf strategiyası sayəsində Azərbaycanın qazandığı nailiyyətləri diqqətə çatdırıb. O, Prezident İlham Əliyev tərəfindən işlənərək tətbiq edilmiş yeni dövlət idarəçiliyi texnologiyalarının Azərbaycanın davamlı inklüziv inkişaf naminə resurslardan səmərəli idarəedilməsi sahəsində regional və qlobal liderə çevrilməsinə gətirib çıxardığını vurğulayıb. Diqqətə çatdırıb ki, Azərbaycan Respublikası təbii ehtiyatların istifadəsi və sərf edilmiş enerjinin hər vahidinə yüksək iqtisadi nailiyyət əldə etmiş lider ölkələr sirasındadır. Rektor Dünya Bankı və Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının birgə keçirdiyi seminarın əhəmiyyətini qeyd edib. Dünya Bankından əməliyyatlar üzrə baş mütəxəssis Səidə Bağırlı, Avropa İttifaqının Azərbaycan Respublikasındakı nümayəndəsi, layihə meneceri Ramilə Aslanova açılış nitqi ilə çıxış ediblər. Daha sonra Azərbaycanda su təhlükəsizliyinin yaxşılaşdırılması mövzusunda su və sanitariya xidmətləri üzrə baş mütəxəssis Smita Misra, “SEİİE: Beynəlxalq qabaqcıl təcrübə” mövzusunda su ehtiyatlarının idarə edilməsi üzrə beynəlxalq ekspert Stefen Hocson çıxış ediblər.