“Heydər Əliyev İli” çərçivəsində Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası (DİA) və Gədəbəy Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə “Ümummilli Lider Heydər Əliyev və Azərbaycan Respublikasının inklüziv inkişafı sahəsində dünya liderliyini təmin edən yeni idarəçilik texnologiyaları” mövzusunda təlim keçirilib. Əvvəlcə Ulu Öndər Heydər Əliyevin abidəsi ziyarət edilib, önünə gül dəstələri qoyulub. Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı Orxan Mürsəlov tədbirdə çıxış edərək, Ulu Öndər Heydər Əliyevin siyasi fəaliyyətindən, Azərbaycan xalqı və dövləti qarşısında xidmətlərindən danışıb. Sonra DİA-nın rektoru akademik Urxan Ələkbərov “Ümummilli Lider Heydər Əliyev və Azərbaycan Respublikasının inklüziv inkişafı sahəsində dünya liderliyini təmin edən yeni idarəçilik texnologiyaları” mövzusunda təqdimatla çıxış edib. Urxan Ələkbərov təqdimatda Ümummilli Lider tərəfindən müəyyənləşdirilmiş və Prezident İlham Əliyevin uğurla davam etdirdiyi inkişaf strategiyası sayəsində Azərbaycanın qazandığı nailiyyətlərə diqqət çəkib. O, Prezident İlham Əliyev tərəfindən işlənərək tətbiq edilmiş yeni dövlət idarəçiliyi texnologiyalarının Azərbaycanı davamlı inklüziv inkişaf naminə resurslardan səmərəli istifadə üzrə regional və qlobal liderə çevrilməsinə gətirib çıxardığını xüsusi vurğulayıb. Eyni zamanda, Azərbaycanda tətbiq edilən innovativ idarəçilik texnologiyaları kompleksinin yüksək səmərəliliyinin BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsinin uğurla yerinə yetirilməsində və Ermənistan tərəfindən 30 ilə yaxın işğal altında saxlanılan ərazilərin azad edilməsində təsdiqini tapdığını bildirib. Bu Zəfərin cəmi 44 günə qazanılmasını və Azərbaycanın ərazi bütövlüyünün tam bərpasını dövlətimizin başçısının innovativ inkişaf strategiyasının təntənəli yekunu kimi dəyərləndirib. Rektor Azərbaycan Respublikasının bütün dünya üçün prioritet kimi qəbul edilən davamlı inklüziv inkişaf siyasətini səmərəli şəkildə reallaşdıran dünya lideri olduğunu bildirib. Vurğulayıb ki, inklüziv inkişaf sahəsində Azərbaycan Respublikasının yüksək göstəricilər əldə etməsində və sosial siyasətin reallaşdırılması baxımından dünya liderinə çevrilməsində ölkənin Birinci vitse-prezidenti Mehriban Əliyevanın da müstəsna xidmətləri var. Bildirilib ki, ölkənin hazırkı davamlı inkişafı dövlət idarəçiliyi və dövlət qulluğu sahəsində reallaşdırılan ardıcıl islahatlar və dəyişikliklərin nəticəsidir. Rektor təlimlər zamanı müstəqil və suveren Azərbaycan dövlətinin keyfiyyətcə yeni olan və 2021‒2030-cu illəri əhatə edən strateji mərhələyə daxil olduğunu qeyd edərək, inklüziv cəmiyyətin qurulması prosesinin ölkənin 2030-cu il üçün planlaşdırılmış əsas prioritetləri sırasında olduğunu qeyd edib. O, beynəlxalq təşkilatların hesabatlarına əsaslanaraq, ölkənin ərazi bütövlüyünün bərpası ilə səciyyələnən bu yeni mərhələdə Azərbaycan Respublikasının bütün dünya üçün prioritet kimi qəbul edilən inklüziv inkişafın planlaşdırılması və idarəedilməsi sahəsindəki uğurlarını dinləyicilərin diqqətinə çatdırıb. U.Ələkbərov məruzəsini işğaldan azad olunmuş ərazilərdə aparılan quruculuq işləri, müstəqillik dövründə qazanılan siyasi, iqtisadi, hərbi uğurlar, inklüziv inkişafın idarə olunması sahəsində ölkənin əldə etdiyi nailiyyətlər barədə geniş elmi təhlilə əsaslanan məlumatlarla yekunlaşdırıb. Təlimin sonunda dinləyicilərin sualları cavablandırılıb.
- 22 İyn
- 2023