This is the heading
Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası (DİA) tərəfindən yerli icra hakimiyyəti orqanlarının əməkdaşları üçün növbəti onlayn təlim keçirilib. Qeyd olunub ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi ilə əlaqədar DİA-da nəzərdə tutulan tədbirlər planında dövlət qulluqçuları üçün təlimlərin keçirilməsi planlaşdırılıb. Bu məqsədlə Dövlət İdarəçilik Akademiyası yerli icra hakimiyyəti orqanlarının əməkdaşları üçün silsilə təlimlər təşkil edir. Növbəti təlimdə Dövlət İdarəçilik Akademiyasının Dövlət qulluğu və kadr siyasəti kafedrasının müdiri siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent Rəcəb Rəhimli “Dövlət qulluqçularının xidməti fəaliyyətinin qiymətləndirilməsi” mövzusunda mühazirə ilə çıxış edib. Dinləyici auditoriyasını Azərbaycan Respublikasının əksər rayon və şəhər icra hakimiyyəti başçılarının müavinləri, icra hakimiyyəti aparatının şöbə müdirləri və inzibati vəzifə daşıyan 130 nəfər dövlət qulluqçusu təşkil edib. Rəcəb Rəhimli təlim iştirakçılarına son illər Azərbaycanda dövlət idarəçilik sistemində və dövlət qulluğu sahəsində həyata keçirilən islahatlardan danışıb, ölkə Prezidentinin dövlət idarəçilik sisteminin təkmilləşdirilməsi və dövlət qulluğunun daha çevik və mobil fəaliyyətinin təşkil edilməsi üçün imzaladığı fərman və sərəncamlar, Dövlət proqramları, Milli Prioritetlər və dövlət qulluğunun inkişafına dair 2019-2025-ci illər üçün Strategiya haqqında məlumat verib. Məruzədə qeyd edilib ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən 24 noyabr 2020-ci il tarixində “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunu və Qanunun tətbiqi ilə bağlı 26 dekabr 2020-ci il tarixində Fərman imzalanıb. Dəyişikliklər dövlət qulluqçusunun fəaliyyətinə nəzarətin həyata keçirilməsi, onun potensial imkanlarının aşkara çıxarılması, dövlət qulluqçusunun xidməti fəaliyyətinin qiymətləndirilməsini nəzərdə tutur. Bundan əlavə, Rəcəb Rəhimli təlim iştirakçılarına Nazirlər Kabinetinin 6 aprel 2021-ci il tarixli “Dövlət qulluqçusunun xidməti fəaliyyətinin qiymətləndirilməsi Qaydası”, dövlət qulluqçusunun xidməti fəaliyyətinin qiymətləndirilməsinin beynəlxalq təcrübəsi, qiymətləndirmənin məqsədi, qiymətləndirilməyə hazırlıq, qiymətləndirilmə dövrü, qiymətləndirilmənin nəticəsinə əsasən görüləcək tədbirlər barədə məlumat verib. Məruzəçi, həmçinin ölkədə dövlət aparatının səmərəli fəaliyyət göstərməsi üçün intellektual səviyyəsi və idarəetmə bacarıqları yüksək olan perspektivli rəhbərlərin müəyyən edilməsi məqsədilə keçirilən “Yüksəliş” müsabiqəsi haqqında məlumat verib, müsabiqədə istifadə edilən çoxpilləli kompleks qiymətləndirilmə nəticəsində savadlı və istedadlı kadrların müəyyən edilərək ölkədə idarəçi kadr ehtiyatı bankının yaradılmasını vurğulayıb. O, dünyada tətbiq edilən yeni trend-dövlət qulluğunda istedadların idarə edilməsi modeli haqqında dinləyiciləri məlumatlandırıb, bu modelin tətbiqi üçün dövlət qulluqçuları sırasında əhəmiyyətli potensialın aşkarlanaraq inkişaf etdirilməsi, müvafiq mövqelərə yerləşdirilməsindən danışıb. Bundan başqa, təlim zamanı Azərbaycan Respublikasında dövlət qulluğunun inkişafına dair 2019-2025-ci illər üçün Strategiya haqqında məlumat verilib, Strategiyada dövlət qulluğu sisteminin inkişafı məqsədilə institusional quruculuq, kadr siyasəti, dövlət qulluqçularının rotasiyası, dövlət qulluğunda səriştə və mütərəqqi motivasiya modellərinin tətbiqi barədə söhbət açılıb. Təlimin sonunda Rəcəb Rəhimli Prezident İlham Əliyevin 2021-ci il 2 fevral tarixində imzaladığı “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”in təsdiq edilməsi haqqında Sərəncamını yada salıb və növbəti onillikdə ölkəmizin qarşısında duran vəzifələri - rəqabətli insan kapitalı, müasir innovasiyalar məkanının yaradılması, işğaldan azad olunmuş ərazilərə böyük qayıdışın təşkil edilməsi, təmiz ətraf mühit kimi hədəflərin reallaşdırılmasında dövlət qulluqçuları qarşısında duran mühüm vəzifələri vurğulayıb. Təlimin yekununda iştirakçıların sualları cavablandırılıb.