Dövlət İdarəçilik Akademiyasında “ASAN xidmət” mərkəzlərinin əməkdaşları üçün növbəti təlim.
Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında (DİA) “ASAN xidmət” mərkəzlərinin əməkdaşları üçün “Dövlət idarəçiliyində Heydər Əliyev fenomeni və müasir Azərbaycanın davamlı inklüziv inkişafı” mövzusunda təlim keçirilib. Təlim zamanı DİA-nın rektoru, akademik Urxan Ələkbərov “ASAN xidmət” mərkəzlərinin əməkdaşları üçün mövzu üzrə məruzə edib. U.Ələkbərov dahi şəxsiyyət Heydər Əliyevin müstəsna tarixi xidmətlərindən danışıb, Ulu Öndərin hakimiyyətə qayıdışından sonra Azərbaycan dövlətçiliyinin böyük təhlükələrdən xilas olduğunu, ölkənin ictimai-siyasi, sosial-iqtisadi və elmi-mədəni həyatında əsaslı dönüşün yarandığını qeyd edib. O, ölkəmizdə qazanılan uğurların dahi rəhbər Heydər Əliyev siyasətinin bəhrəsi olduğunu deyib. Rektor Ümummilli Lider Heydər Əliyev tərəfindən müəyyənləşdirilmiş və Prezident İlham Əliyevin uğurla davam etdirdiyi inkişaf strategiyası sayəsində Azərbaycanın qazandığı nailiyyətlərə diqqət çəkib. O, Prezident İlham Əliyev tərəfindən işlənərək tətbiq edilmiş yeni dövlət idarəçiliyi texnologiyalarının Azərbaycanın davamlı inklüziv inkişafı naminə resurslardan səmərəli istifadə sahəsində regional və qlobal liderə çevrilməsinə gətirib çıxardığını xüsusi vurğulayıb. U.Ələkbərov bildirib ki, inklüziv inkişaf sahəsində ölkəmizin yüksək göstəricilər əldə etməsi və sosial siyasətin reallaşdırılması baxımından dünya liderinə çevrilməsində Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın müstəsna xidmətləri var. Rektor müstəqil və suveren Azərbaycan dövlətinin keyfiyyətcə yeni olan və 2021‒2030-cu illəri əhatə edən strateji mərhələyə daxil olduğunu qeyd edərək, inklüziv cəmiyyətin qurulması prosesinin ölkənin 2030-cu il üçün planlaşdırılmış əsas prioritetləri sırasında olduğunu söyləyib. O, beynəlxalq təşkilatların hesabatlarına əsaslanaraq ölkənin ərazi bütövlüyünün bərpası ilə səciyyələnən bu yeni strateji dövrdə Azərbaycan Respublikasının bütün dünya üçün prioritet kimi qəbul edilən inklüziv inkişafın planlaşdırılması və idarə edilməsi sahəsindəki uğurlarını dinləyicilərin diqqətinə çatdırıb. U.Ələkbərov işğaldan azad olunmuş ərazilərimizdə aparılan genişmiqyaslı bərpa və quruculuq tədbirlərindən bəhs edib. Xatırladaq ki, Prezident İlham Əliyevin “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”lə bağlı 2021-ci il 2 fevral tarixli Sərəncamına əsasən Dövlət İdarəçilik Akademiyası Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi (“ASAN xidmət” mərkəzi) ilə əməkdaşlıq memorandumu çərçivəsində fəaliyyətini davam etdirir. Bununla əlaqədar Dövlət İdarəçilik Akademiyasında təsdiq edilən tədbirlər planına uyğun olaraq dövlət qulluqçuları üçün xüsusi təlimlər keçirilir.