Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında (DİA) Rusiya Federasiyası Prezidenti yanında Xalq Təsərrüfatının İdarəedilməsi və Dövlət Qulluğu Akademiyasının nümayəndə heyəti ilə görüş keçirilib. Görüşdə DİA-nın rektoru akademik Urxan Ələkbərov Dövlət İdarəçilik Akademiyasının fəaliyyəti, tədrisin təşkili, təhsil müəssisəsində kadr hazırlığı barədə geniş təqdimatla çıxış edib. Rektor U.Ələkbərov Azərbaycan xalqının Ulu Öndəri Heydər Əliyevin müasir müstəqil dövlətimizin qurulmasında, möhkəmlənməsində müstəsna xidmətlərindən, onun zəngin siyasi irsinin, dövlət idarəçilik təcrübəsinin əhəmiyyətindən danışıb. Akademik deyib: “Azərbaycan Respublikası son illərdə iqtisadi, sosial və humanitar inkişaf, həmçinin ölkənin təhlükəsizliyinin təmin edilməsi sahələrində öz tarixində ən yüksək nailiyyətlər qazanıb. Bu nailiyyətlər Azərbaycan Respublikasında tətbiq edilən innovativ dövlət idarəçilik texnologiyaları, uğurla həyata keçirilən insan inkişafı siyasəti, ardıcıl və məqsədyönlü islahatlar, dövlət qulluğu sistemi üçün yüksək səviyyəli kadr potensialının formalaşdırılması və səfərbər olunmasının məntiqi nəticəsidir. Bütün bu proseslərin əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulub, Prezident İlham Əliyev tərəfindən yaradıcılıqla inkişaf etdirilərək yeni səviyyəyə qaldırılıb”. DİA-nın rektoru akademik Urxan Ələkbərov davamlı inkişaf, inklüziv cəmiyyətin formalaşması üçün dövlət idarəçiliyinin yeni texnologiyaları sahəsində ölkənin əldə etdiyi uğurları da qeyd edib. Diqqətə çatdırılıb ki, Azərbaycan Respublikası qlobal miqyasda prioritet kimi qəbul edilən inklüziv inkişafın səmərəli planlaşdırılması və idarə edilməsi üzrə dünya lideridir. İnklüziv inkişaf sahəsində Azərbaycan Respublikasının yüksək göstəricilər əldə etməsi və sosial siyasətin reallaşdırılması baxımından dünya liderinə çevrilməsinin təməlində Prezident İlham Əliyevin innovativ dövlət idarəçiliyi strategiyası dayanır. Qazanılan uğurların 44 günlük Vətən müharibəsindəki parlaq Qələbədə böyük rolu olub. Bildirilib ki, Azərbaycanın hazırkı davamlı inkişafı dövlət idarəçiliyi sahəsində reallaşdırılan ardıcıl uğurlu islahatların nəticəsidir. U.Ələkbərov, həmçinin Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın rəhbərliyi ilə həyata keçirilən fəaliyyətin uğurlarını qeyd edib. Rusiya Federasiyası Prezidenti yanında Xalq Təsərrüfatının İdarəedilməsi və Dövlət Qulluğu Akademiyasının Dövlət Qulluğu və İdarəedilməsi İnstitutunun direktoru Ruslan Korçaqin təmsil etdiyi təhsil müəssisəsi haqqında ətraflı məlumat verib. O, təhsil müəssisəsinin bakalavr və magistratura proqramları, doktoranturaya qəbul qaydaları, dövlət qulluqçularının ixtisasları barədə danışıb. Görüşdə, eyni zamanda, iki təhsil müəssisəsi arasında əməkdaşlıq, birgə konfransların, seminarların keçirilməsi barədə razılıq əldə olunub.
- 28 Sen
- 2023