loader image

Dia.edu.az

Dövlət İdarəçilik Akademiyası ilə Türkiyə Respublikası Prezident Administrasiyası yanında İnsan Resursları Ofisi arasında anlaşma memorandumu imzalanmışdır

Videolara keçid:

1. AzTV

2. TRT

3. TRT Azerbaycan

 

 

10 oktyabr 2023-cü il tarixində Ankara şəhərində Türkiyə Respublikası Prezident Administrasiyası yanında İnsan Resursları Ofisi ilə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası arasında əməkdaşlığa dair protokol imzalanmışdır. İlk dəfə 2021-ci ildə Ankarada Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında iqtisadi əməkdaşlıq üzrə birgə hökumətlərarası komissiyanın doqquzuncu iclasında imzalanmış protokol çərçivəsində iki ölkənin dövlət qulluqçularının hazırlanması və inkişafı sahəsində əməkdaşlığına dair qərar qəbul olunub. Protokola əlavə edilmiş Fəaliyyət Planında, həmçinin təhsil və insan resurslarının inkişafı ilə bağlı birgə fəaliyyətin qarşılıqlı münasibətlərə təkan verəcəyi vurğulanıb. Bu çərçivədə Türkiyə Prezidenti Administrasiyası İnsan Resursları Ofisinin rəhbərliyinin dövlət qulluqçularının təlim və inkişafı üçün vasitələrin tanıdılması istiqamətində Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası ilə birgə fəaliyyəti nəzərdə tutulub. Türkiyə Prezidenti Administrasiyası yanında İnsan Resursları Ofisinin rəhbəri, dosent doktor Salim Atay və Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının rektoru, akademik Urxan Ələkbərov tərəfindən imzalanan anlaşma memorandumunda Türkiyə Respublikası Prezident Administrasiyası yanında İnsan Resursları Ofisi tərəfindən dövlət qulluqçularının bilik və bacarıqlarının artırılması məqsədi ilə hazırlanmış və özündə 35000-dən çox təlim videolarını birləşdirən “Uzaktan Eğitim Kapısı” adlı rəqəmsal platformadan ortaq istifadə, dövlət qulluğu sahəsində qarşılıqlı təlimlərin keçirilməsi və təcrübə mübadiləsi aparılması nəzərdə tutulur. Türkiyədə istifadəyə verildiyi gündən bu xidmətdən 1596 dövlət qurumu yararlanmış və təlim videolarının izlənmə sayı 220 milyonu ötmüşdür. İlk olaraq Azərbaycanda fəaliyyət göstərən, dövlət qulluqçularının istifadəsinə verilən və sinxron olaraq Azərbaycan dilinə tərcümə olunan rəqəmsal təlim platformasından gələcəkdə Türk Dövlətləri Təşkilatına üzv olan dövlətlərin də öz kadr potensialının təkmilləşidirilməsi üçün istifadə edilməsi planlaşdırılır. Ankara şəhərində keçirilən görüşdə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının rektoru, akademik Urxan Ələkbərov Azərbaycanın son illərdə iqtisadi, siyasi, humanitar, hərbi inkişafı ilə bağlı geniş məlumat verib. Rektor qeyd olunan uğurların əsasında ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş və Prezident İlham Əliyevin yaradıcılıqla inkişaf etdirdiyi innovativ dövlət idarəçiliyi strategiyasını xüsusi vurğulayıb. Diqqətə çatdırıb ki, Türkiyə Respublikası, müstəqilliyinin bərpasından indiyədək hər zaman Azərbaycanın yanında olub və ölkənin uğurlu inkişafına dəstəyini göstərib. U.Ələkbərov Azərbaycan Respublikasının bütün dünya üçün prioritet kimi qəbul edilən davamlı inklüziv inkişaf siyasətini səmərəli şəkildə reallaşdıran dünya lideri olduğunu deyib. Qeyd edib ki, Azərbaycanın inklüziv inkişafı indeksinin iqtisadi baxımdan dünyanın inkişaf etmiş ölkələrdəkindən yüksək olması ölkənin iqtisadi potensialının hərtərəfli inkişafı və əhalinin rifahının yüksəldilməsi üçün daha səmərəli istifadəsinin beynəlxalq təsdiqidir. Rektor vurğulayıb ki, inklüziv inkişaf sahəsində Azərbaycan Respublikasının yüksək göstəricilər əldə etməsi və sosial siyasətin reallaşdırılması baxımından dünya liderinə çevrilməsində ölkənin Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın da xidmətləri böyükdür. U.Ələkbərov qazanılan uğurların 44 günlük Vətən müharibəsindəki parlaq Qələbədə böyük payının olduğunu da vurğulayıb. Bildirilib ki, ölkənin hazırkı davamlı inkişafı dövlət idarəçiliyi və dövlət qulluğu sahəsində reallaşdırılan ardıcıl islahatların nəticəsidir. Türkiyə Prezidenti Administrasiyası yanında İnsan Resursları Ofisinin rəhbəri Salim Atay qonaqları salamlayıb və dövlət qulluğu sahəsində kadrlarının hazırlanması istiqamətində Türkiyənin təcrübəsi barədə ətraflı bilgi verib. Eyni zamanda, S.Atay kadr potensialının təkmilləşdirilməsi sahəsində innovasiyaların Azərbaycanda tətbiqi imkanları ilə bağlı fikirlərini bölüşüb. O, qeyd edib ki, dövlət qulluqçularının hazırlanması prosesində iki ölkənin əməkdaşlığının gələcəkdə böyük səmərə verəcəyinə əmindir. Toplantıda gələcək birgə fəaliyyətə dair məsələlərlə bağlı fikir mübadiləsi aparılıb və perspektiv əməkdaşlıq istiqamətləri müəyyənləşdirilib. Görüşdə Dövlət İdarəçilik Akademiyasının Elmi təşkilat və beynəlxalq əlaqələr şöbəsinin müdiri dosent Elvin Əzizbəyov iştirak edib.