Oktyabr ayının 31-də Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası ilə İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti arasında əməkdaşlığa dair memorandum imzalanıb. Memorandumu Dövlət İdarəçilik Akademiyasının rektoru, akademik Urxan Ələkbərov və İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin rəisi Məmməd Abbasbəyli imzalayıblar. Memorandum kadr potensialının gücləndirilməsi məqsədilə yüksəkixtisaslı kadrların hazırlanması, dövlət qulluğu sistemində çalışan gənc kadrların ixtisasının artırılması üzrə ixtisasartırma kurslarının təşkili, idarəetmə və iqtisadiyyat sahələri üzrə təhsil alan gənc kadrların könüllülük proqramlarında iştirakı, onların praktik təcrübə əldə etmələrini dəstəkləmək istiqamətində əməkdaşlıq və digər məsələləri əhatə edir. Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti və Dövlət İdarəçilik Akademiyası tələbələrin təcrübə proqramlarına cəlb edilməsi, istehsalat və elmi-tədqiqat təcrübələrində, o cümlədən seminar və təlimlərdə iştirakının təmin edilməsi istiqamətində əməkdaşlıq edəcəklər. Eyni zamanda memorandum Dövlət Xidməti və Dövlət İdarəçilik Akademiyası arasında əməkdaşlıq və tərəfdaşlıq münasibətlərini təmin etməklə elmi-praktiki məlumatların mübadiləsi və inkişafının, həmçinin dövlət idarəçiliyi, davamlı iqtisadi inkişaf, insan potensialı, antiinhisar, haqsız rəqabət, istehlakçıların hüquqlarının müdafiəsi və qarşılıqlı maraq kəsb edən digər sahələrdə əməkdaşlıq edilməsinə yönəlmişdir. İmzalanma mərasimində çıxış edən rektor Urxan Ələkbərov ümummilli lider Heydər Əliyevin müəllifi olduğu inkişaf strategiyasının nailiyyətləri və Ulu Öndərin layiqli davamçısı Prezident İlham Əliyevin ölkədə həyata keçirdiyi davamlı inkişafın uğurlu nəticələri, inklüziv cəmiyyətin formalaşması sahəsində görülən işlərin müsbət nəticələrini vurğulayıb. Rektor ölkəmizdə nadir idarəçilik texnologiyalarının tətbiqi, çevik dövlət idarəetmə sisteminin formalaşdırılması, elmə əsaslanan innovativ inkişaf strategiyasının reallaşdırılması, dövlət quruculuğu və dövlət qulluğunun inkişafına diqqət çəkib. U.Ələkbərov vurğulayıb ki, ölkəmizin qısa müddətdə iqtisadi, sosial, siyasi, humanitar və digər sahələrdə qazandığı yüksək nailiyyətlər, XXI əsrin çağırışlarının həllinə yönəlmiş dünya əhəmiyyətli təşəbbüsləri, ildən-ilə artan beynəlxalq nüfuzu Azərbaycanı bir çox istiqamətlərdə regional və qlobal liderə çevirib. Son 44 günlük müharibə və ölkənin zəfəri bunu bir daha nümayiş etdirib. Sonra İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin rəisi Məmməd Abbasbəyli çıxış edərək bildirib ki, ölkəmizdə idarəçilik sahəsində peşəkar kadrların yetişdirilməsinə xüsusi diqqət ayıran qabaqcıl aparıcı tədris, metodik, elm və analitik informasiya mərkəzi olan Dövlət İdarəçilik Akademiyası ilə birgə əməkdaşlıq önəmli addımlardan biridir. Anlaşma Memorandumu çərçivəsində təhsilalanları Dövlət Xidmətinin fəaliyyəti barədə məlumatlandırmaq məqsədilə Akademiyada “Karyera günləri”nin keçirilməsi nəzərdə tutulur. Dövlət Xidmətinin rəisi Məmməd Abbasbəyli bildirib ki, ölkədə gənclər siyasəti istiqamətində bir sıra proqramlar və layihələr həyata keçirilir. Dövlət Xidmətində aparılan gəncləşdirmə siyasətinə toxunan Xidmət rəisi savadlı və potensiallı gənc kadrların işlə təmin olunması və rəhbər vəzifələrdə çalışmaları üçün şəraitin yaradıldığını qeyd edib. Vurğulanıb ki, gənclərin dövlət qurumlarında fəaliyyəti dövlət idarəetməsində innovativ düşüncələrin, müasir yanaşmaların tətbiqinə şərait yaradıb. Anlaşma Memorandumu haqında danışan xidmət rəisi burada əsas məqsəd idarəetmə ixtisası üzrə təhsil alan tələbələrin Agentliyin struktur bölmələrində təcrübə keçmələri, birgə elmi-praktiki araşdırmaların aparılması və sair məsələlər nəzərdə tutur. Tədbirin sonunda Dövlət İdarəçilik Akademiyası ilə İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti arasında anlaşma memorandumu imzalanıb.
- 01 Noy
- 2023