loader image

Dia.edu.az

DİA-da 8 Noyabr – Zəfər Gününə həsr olunmuş elmi-praktik konfrans

Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında (DİA) 8 Noyabr – Zəfər Gününə həsr olunmuş elmi-praktik konfrans keçirilib. Əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Şəhidlərin əziz xatirəsi yad edilib. Tədbirdə çıxış edən Dövlət İdarəçilik Akademiyasının rektoru akademik Urxan Ələkbərov Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi, qəhrəman Ordumuzun gücü, qüdrəti ilə Vətən müharibəsi zamanı Böyük Zəfər qazandığımızı, torpaqlarımızın işğaldan azad olunduğunu bildirib. Vurğulanıb ki, bu Qələbə xalqımızın vətənpərvərliyini, qəhrəmanlığını dünyaya göstərdi. Biz Zəfərimizlə sonsuz qürur duyuruq. Rektor bu il sentyabrın 19-da antiterror tədbirləri nəticəsində Azərbaycan ərazisində qanunsuz məskunlaşmış Ermənistan ordusunun təslim olduğunu, suverenliyimizin tam təmin edildiyini söyləyib. U.Ələkbərov Azərbaycanın iqtisadi, siyasi, hərbi inkişafından danışıb. O, nailiyyətlərin Ulu Öndər Heydər Əliyev tərəfindən əsası qoyulmuş və Prezident İlham Əliyevin yaradıcılıqla inkişaf etdirdiyi innovativ dövlət idarəçiliyi strategiyasını xüsusi vurğulayıb. Rektor əldə olunan uğurların Vətən müharibəsi zamanı qazandığımız parlaq Qələbədə böyük rolu olduğunu deyib. Milli Məclisin deputatı Məzahir Əfəndiyev, Dövlət İdarəçilik Akademiyasının Tarix kafedrasının professoru, tarix elmləri doktoru Havva Məmmədova, Beynəlxalq münasibətlər və xarici siyasət kafedrasının müdiri hüquq elmləri doktoru, professor Namiq Əliyev, Beynəlxalq münasibətlər və xarici siyasət kafedrasının professoru, siyasi elmlər doktoru Elçin Əhmədov Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində əldə etdiyimiz Böyük Zəfərin tarixi əhəmiyyətindən bəhs edib, Qələbəmizlə xalqımızın şərəfli tarix yazdığını bildiriblər. Vurğulanıb ki, torpaqlarımızın azad olunması yolunda canlarından keçmiş qəhrəman Vətən övladlarının əziz xatirəsi daim ürəklərdə yaşayacaq. Sonra 8 Noyabr – Zəfər Gününə həsr edilmiş videoçarx nümayiş olunub. Dövlət İdarəçilik Akademiyasının Qarabağ İrsini Araşdırma Mərkəzi Şuşa Dövlət Rəsm Qalereyası ilə birgə “Şuşanın tarixi-mədəni irsi”nə aid rəsm əsərlərinin və “Şuşa Şəhəri Günü”nə həsr edilmiş kitabların sərgisini təşkil edib. Sərgidə nümayiş olunan “Şuşanın məhəllələri və tarixi yerləri”ni əks etdirən rəsm əsərləri Şuşa Dövlət Rəsm Qalereyasının direktoru, şuşalı rəssam Rövşən Bayramova məxsusdur.