Ankara Sosial Elmlər Universitetinin rektoru professor Musa Kazım Arıcan Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında (DİA) olub.
Görüşdə çıxış edən DİA-nın rektoru akademik Urxan Ələkbərov Azərbaycanda qazanılan uğurların təməlində əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuş və Prezident İlham Əliyevin inkişaf etdirdiyi innovativ dövlət idarəçiliyi strategiyasının olduğunu xüsusi vurğulayıb. Akademik bildirib ki, Azərbaycanın hazırkı davamlı inkişafı dövlət idarəçiliyi sahəsində reallaşdırılan ardıcıl uğurlu islahatların nəticəsidir. Professor Musa Kazım Arıcan DİA ilə əməkdaşlığın əhəmiyyətindən danışıb. Rektor rəhbərlik etdiyi universitet haqqında geniş məlumat verərək qeyd edib ki, Ankara Sosial Elmlər Universiteti qısa zamanda dünyanın böyük ali təhsil müəssisələri arasında müasir, dinamik və yenilikçi bir ali məktəb olaraq yerini alıb.
Sonra Dövlət İdarəçilik Akademiyası ilə Ankara Sosial Elmlər Universiteti arasında əməkdaşlığa dair memorandum imzalanıb. Qeyd edək ki, “Heydər Əliyev İli” çərçivəsində Dövlət İdarəçilik Akademiyasının tədbirlər planına uyğun olaraq bu ilin oktyabrında Türkiyəyə səfəri zamanı akademik Urxan Ələkbərov Ankara Sosial Elmlər Universitetinin professor-müəllim və tələbə heyəti üçün təlim keçib. Rektor təlimdə “Davamlı inkişaf məqsədlərinə çatmaq və inklüziv cəmiyyətin formalaşması üçün yeni idarəçilik texnologiyaları – Azərbaycan təcrübəsində” mövzusunda interaktiv təqdimatla çıxış edib. Eyni zamanda, Dövlət İdarəçilik Akademiyası ilə Ankara Sosial Elmlər Universiteti arasında əməkdaşlıq sahələri təhlil edilib, dövlət qulluqçularının təlim və inkişafı üçün vasitələrin mübadiləsinə yönələn fəaliyyət və distant təhsilin gələcəkdə genişlənməsinin aktuallığı barədə fikir mübadiləsi aparılıb.
(17) Comments