Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında (DİA) Azərbaycan dilinə tərcümə edilmiş “Türk Cəza Qanunu” kitabının təqdimat mərasimi keçirilib. Tədbirdə DİA-nın rektoru akademik Urxan Ələkbərov Azərbaycan Prezidenti İlham Əliyevin elmin, təhsilin inkişafına daim xüsusi önəm verdiyini vurğulayıb. U.Ələkbərov təqdim olunan kitabla bağlı fikirlərini bildirib, onun dəyərli bir nəşr olduğunu deyib. İstanbul Universiteti Hüquq fakültəsinin professoru Fethi Gedikli “Türk Cəza Qanunu”nun Azərbaycan dilinə çevrilməsi hüquq cəmiyyəti arasında qarşılıqlı əlaqənin yaranmasının əsası kimi” mövzusunda məruzə edib. DİA-nın Hüquq kafedrasının müdiri professor İsaxan Vəliyev “Türk Cəza Qanunu”nun Azərbaycan dilinə çevrilməsinin əhəmiyyətindən, türk cəza qanunlarından danışıb. Qeyd olunub ki, hüququn müxtəlif sahələri üzrə təhlillər aparılan zaman “Türk Cəza Qanunu” kitabından istifadə edilə bilər. Nəşr hüquq ixtisası üzrə təhsil alan tələbələr, müəllimlər, hüquqşünaslar, müxtəlif ölkələrin qanunvericiliyinin müqayisəli təhlilini aparan tədqiqatçılar daxil olmaqla geniş oxucu kütləsi üçün nəzərdə tutulub. Yunus Əmrə İnstitutunun rektoru Selçuk Karakılıç, Hüquq və İnsan Haqları İnstitutunun İdarə Heyətinin sədri Məhəmməd Quluzadə, Vəkillər Kollegiyası Akademiyasının rəhbəri professor Əmir Əliyev, Elm-Tədris Mərkəzinin rəisi, III dərəcəli dövlət ədliyyə müşaviri Mübariz Əhmədov, Türkiyənin Azərbaycandakı səfirinin müşaviri Muhittin Macit, DİA-nın Hüquq kafedrasının müəllimi Seyfulla Aslanov, dosent Samirə Babayeva və digər çıxış edənlər də Azərbaycan və Türkiyə arasında elm və təhsil əlaqələrindən bəhs edib, təqdim edilən kitabın əhəmiyyətini vurğulayıblar.
- 23 Dek
- 2023