loader image

Dia.edu.az

“Heydər Əliyev Azərbaycanda gənclər siyasətinin banisidir” mövzusunda elmi-praktik konfrans keçirilib 

“Heydər Əliyev İli” çərçivəsində Azərbaycan Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası və Azərbaycan Gənclər Fondunun birgə təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100-cü ildönümünə həsr olunmuş “Heydər Əliyev Azərbaycanda gənclər siyasətinin banisidir” mövzusunda elmi-praktik konfrans keçirilib.
Konfransda çıxış edən Dövlət İdarəçilik Akademiyasının rektoru akademik Urxan Ələkbərov müstəqil dövlətimizin qurucusu Ümummilli Lider Heydər Əliyevin tarixi xidmətlərini xatırladıb. Rektor nitqində Ümummilli Lider Heydər Əliyev tərəfindən müəyyənləşdirilmiş və Prezident İlham Əliyevin uğurla davam etdirdiyi inkişaf strategiyası sayəsində Azərbaycanın qazandığı nailiyyətlərə diqqət çəkib. O, Prezident İlham Əliyev tərəfindən işlənərək tətbiq edilmiş yeni dövlət idarəçiliyi texnologiyalarının Azərbaycanı davamlı inklüziv inkişaf naminə resurslardan səmərəli istifadə üzrə regional və qlobal liderə çevrilməsinə gətirib çıxardığını xüsusi vurğulayıb. Eyni zamanda, Azərbaycanda tətbiq edilən innovativ idarəçilik texnologiyaları kompleksinin yüksək səmərəliliyinin BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsinin uğurla yerinə yetirilməsində və Ermənistan tərəfindən 30 ilə yaxın işğal altında saxlanılan ərazilərin azad edilməsində təsdiqini tapdığını bildirib.
Akademik Azərbaycanın ərazi bütövlüyünün tam bərpasını dövlətimizin başçısının innovativ inkişaf strategiyasının təntənəli yekunu kimi dəyərləndirib. O, beynəlxalq təşkilatların hesabatlarına əsaslanaraq, ölkənin ərazi bütövlüyünün bərpası ilə səciyyələnən bu yeni mərhələdə Azərbaycan Respublikasının bütün dünya üçün prioritet kimi qəbul edilən inklüziv inkişafın planlaşdırılması və idarəedilməsi sahəsindəki uğurlarını dinləyicilərin diqqətinə çatdırıb. U.Ələkbərov məruzəsini işğaldan azad olunmuş ərazilərdə aparılan quruculuq işləri, müstəqillik dövründə qazanılan siyasi, iqtisadi, hərbi uğurlar, inklüziv inkişafın idarə olunması sahəsində ölkənin əldə etdiyi nailiyyətlər barədə geniş elmi təhlilə əsaslanan məlumatlar verib, qazanılan uğurların davam etdirilməsində gənclərin fəaliyyətini önəmsəyib və onların intellektual imkanlarını yüksək qiymətləndirib.
Elmi praktik konfransın açılışında gənclər və idman nazirinin müavini Fərhad Hacıyev, Gənclər Fondunun icraçı direktoru vəzifəsini icra edən Qədir Xəlilov, Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov, Milli Məclisin deputatı, Siyasi araşdırmalar institutunun direktoru, professor, Elman Nəsirov, Milli Məclisin deputatı, Dövlət qulluğu və kadr siyasəti kafedrasının dosenti Aydın Mirzəzadə, Hüquq kafedrasının müdiri, professor İsaxan Vəliyev və digərləri çıxış ediblər.
Çıxışlarda ölkəmizdə dövlət gənclər siyasətinin əsasını qoyan Ümummilli Lider Heydər Əliyevin Azərbaycan gənclərinə hər zaman xüsusi qayğı ilə yanaşdığını onlara böyük etimad göstərdiyini vurğulayıblar. Natiqlər qeyd ediblər ki, bu gün gənclərimizin ölkənin siyasi, sosial-iqtisadi sahələrində mühüm vəzifələrə təyin olunması, onlara böyük ümidlər bəslənilməsi Ulu Öndər tərəfindən təməli qoyulan gənclər siyasətinin davamıdır.

Daha sonra elmi-praktik konfrans bölmə iclaslarında öz işini davam etdirib.