Qırğız Respublikasının Qırğız Milli Universitetində Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının (DİA) Beynəlxalq münasibətlər və xarici siyasət kafedrasının müdiri professor Namiq Əliyevin “Azərbaycanın ərazi bütövlüyü və suverenliyinin bərpası; hüquqi aspektlər” kitabının qırğız dilində təqdimatı keçirilib. Əvvəlcə Heydər Əliyev adına 20 nömrəli məktəb ziyarət edilib, Azərbaycan xalqının Ümummilli Liderinin büstü önünə əkil qoyulub, Ulu Öndərin adını daşıyan məktəblə tanışlıqdan sonra müəllim və şagirdlərlə görüş olub.
J.Balasaqın adına Qırğız Milli Universitetinin “Ç.Aytmatov adına Beynəlxalq İssık-Kul Forumu” İctimai Birliyi və Qırğızıstandakı Azərbaycan diasporu ilə birgə təşkil etdiyi tədbirdə bu ölkənin parlamentinin sabiq sədri, Qırğız Respublikasının Qəhrəmanı, ictimai xadim Medetxan Şerimkulov, Azərbaycanın Qırğızıstandakı diasporunun prezidenti Xansıvar Baxşəliyev, “Qırğızıstan-Azərbaycan” Dostluq Cəmiyyətinin sədri Akif Alaferdov, Qırğız Respublikası Xarici İşlər Nazirliyinin Diplomatik Akademiyasının prorektoru, Qırğız parlamentinin sabiq sədri, professor Zaynidin Kurmanov, J.Balasaqın adına Qırğız Milli Universitetinin professor-müəllim heyəti və tələbələri iştirak ediblər. Tədbirdə “Ç.Aytmatov adına İssık-Kul Beynəlxalq Forumu” İctimai Birliyinin vitse-prezidenti Dinara Jumabayeva çıxış edib. Sonra Azərbaycanın Qırğızıstandakı səfiri Lətif Qəndilov, Qırğızıstanın ölkəmizdəki səfiri Kayrat Osmonaliyev tədbirə xüsusi önəm verdiklərini qeyd ediblər. Onlar belə tədbirlərin təşkilinin iki türk dövləti arasında əlaqələrin möhkəmlənməsində əhəmiyyətli olduğunu söyləyiblər. Daha sonra professor Namiq Əliyev çıxış edib. O, iki dövlət arasındakı münasibətlərdən danışıb. Azərbaycan Respublikasının haqq səsinin beynəlxalq müstəviyə çıxarılmasında elm adamlarının araşdırmalarının da xüsusi yer tutduğunu vurğulayıb. Professor Azərbaycan Respublikasının ərazi bütövlüyünün və suverenliyinin bərpasının hüquqi zəmininə aydınlıq gətirib. O, vaxtilə Ermənistanın Azərbaycana təcavüzünün bir sıra hüquqi problemlərini geniş elmi və empirik materiallar əsasında araşdırdığını diqqətə çatdırıb. Eyni zamanda, Azərbaycanın ərazi bütövlüyünü və tam suverenliyini bərpa etdikdən sonra yaranan bəzi hüquqi məsələlərə toxunub. Görüşün sonunda mərasim iştirakçılarına müəllifin imzaladığı kitablar hədiyyə olunub. Professor N.Əliyev digər kitablarının nüsxələrini də Qırğız Milli Universitetinə bağışlayıb.