Azərbaycan Respublikasının Vəkillər Kollegiyası (ARVK) Rəyasət Heyətinin üzvləri, vəkil qurumlarının rəhbərləri, habelə KİV nümayəndələrinin iştirakı ilə Rəyasət Heyətinin geniştərkibli iclası və vəkilliyə namizədlərin təntənəli andiçmə mərasimi keçirilib. Mərasimdə Kollegiya sədri Anar Bağırov çıxış edərək Azərbaycanda vəkilliyin tarixindən, inkişafından və getdikcə daha da artan nüfuzundan, o cümlədən ARVK-nın beynəlxalq əlaqələrinin qurulmasından, çoxsaylı nüfuzlu təşkilatlara üzv qəbul edilməsindən danışıb, habelə digər məsələlər barədə tədbir iştirakçılarına məlumat verib. Eyni zamanda, sədr son dövrlər vəkillikdə informasiya və kommunikasiya texnologiyalarının tətbiqinə böyük üstünlük verildiyini də xatırladaraq Kollegiya tərəfindən yaradılan “Elektron vəkil orderi” sisteminin fəaliyyətə başladığını bildirib. Daha sonra Azərbaycan Respublikasının Prezidenti Yanında Dövlət İdarəçilik Akademiyasının rektoru, akademik Urxan Ələkbərov çıxışında andiçmə mərasimində iştirak edən vəkilləri təbrik edib, gələcək fəaliyyətlərində uğurlar arzulayıb. Rektor “Prezident İlham Əliyevin yeni dövlət idarəçilik texnologiyaları: COP29-a aparan yol” mövzusunda danışaraq Azərbaycanın BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) ev sahibliyi etməyinin əhəmiyyətini vurğulayıb, belə bir tədbirin ölkəmizdə keçirilməsinin çox vacib olduğunu dilə gətirib. O, Azərbaycan Prezidentinin Sərəncamı ilə 2024-cü ilin respublikamızda “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsinin ölkəmizdə ətraf mühitin mühafizəsi sahəsində aparılan məqsədyönlü və ardıcıl dövlət siyasətinin tərkib hissəsi olduğunu nəzərə çatdırıb. Ümummilli Lider Heydər Əliyevin tarixi xidmətlərindən də söz açan Urxan Ələkbərov ölkənin ictimai-siyasi, sosial-iqtisadi və elmi-mədəni həyatında əsaslı dönüşün yarandığını qeyd edib. Azərbaycanda qazanılan uğurların dahi rəhbər Heydər Əliyev siyasətinin bəhrəsi olduğunu bildirən rektor Ulu Öndər tərəfindən müəyyənləşdirilmiş və Prezident cənab İlham Əliyevin uğurla davam etdirdiyi inkişaf strategiyası sayəsində ölkəmizin qazandığı nailiyyətlərə diqqət çəkib. Həmçinin, mərasimdə vəkilliyə qəbul üzrə ixtisas imtahanlarından müvəffəqiyyətlə keçən və icbari təlimi başa vuran namizədlərin andiçmə mərasimi olub, vəkilliyə namizədlər Azərbaycanın Dövlət Bayrağı önündə and içib, onlara vəsiqələr təqdim edilib.
- 03 May
- 2024