Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında Elmi təşkilat və beynəlxalq əlaqələr şöbəsinin təşkilatçılığı ilə Ulu öndər Heydər Əliyevin anadan olmasının 101-ci ildönümünə həsr olunmuş “Azərbaycan Respublikasında davamlı inkişafın formalaşdırılmasında Ümummilli lider Heydər Əliyevin rolu” mövzusunda doktorant və gənc tədqiqatçıların Respublika elmi-praktiki konfransı keçirilmişdir. Tədbirdə DİA-nın rektoru, professor-müəllim heyəti, Milli Məclisin üzvü, doktorant və dissertantlar, o cümlədən tələbə və magistrantlar iştirak etmişdilər. Konfransı giriş sözü ilə açan DİA-nın rektoru akademik Urxan Ələkbərov Azərbaycan Respublikasının son illər inkişaf tempinə görə dünyanın aparıcı ölkələrindən birinə çevrilməsinin əsasında Ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş və Prezident İlham Əliyevin uğurla inkişaf etdirdiyi və həyata keçirdiyi siyasətin durduğunu qeyd etdi. İnkişafın dinamik bir proses olduğunu, yəni bir vəziyyətdən digərinə keçid kimi səciyyələndirildiyini deyən natiq, əksər hallarda bu prosesin əsasən müsbət bir hadisənin baş verməsi, tərəqqinin əldə edilməsi və bunun davamlı olmasını dinləyicilərin diqqətinə çatdıraraq bu müvəffəqiyyətli inkişafın əsasında hər zaman insanın, onun bilik və bacarıqlarının durduğunu vurğuladı. Rektor çıxışında cari ilin sonunda Azərbaycanda keçiriləcək COP-29 beynəlxalq tədbirinin əhəmiyyətindən bəhs etdi. Sonra Milli Məclisin üzvü, DİA-nın Dövlət qulluğu və kadr siyasəti kafedrasının müdiri, professor Hikmət Məmmədov konfrans iştirakçılarını salamlayaraq, Prezident İlham Əliyevin apardığı siyasətin uğurlu nəticələrindən danışdı. Konfransda iştirak edən doktorant və gənç tədqiqatçılar Azərbaycan Respublikasında davamlı inkişafın formalaşmasında Ümumilli lider Heydər Əliyevin rolu, ölkəmizdə səmərəli dövlət idarəçiliyi və davamlı inkişaf məqsədlərinin həyata keçirilməsi, 44 günlük Vətən müharibəsindən sonra Azərbaycan Respublikasının Türk Dövlətləri Təşkilatı ilə münasibətləri və s. məsələlər haqqında məruzələrlə çıxış etdilər. Tədbirdə DİA-nın doktorant və gənç tədqiqatçıları ilə yanaşı digər ali məktəblərin doktorantlarının da məruzələri dinlənilmiş və sonda məruzəçilər sertifikatlarla təltif olunmuşlar.
- 06 May
- 2024