loader image

Dia.edu.az

Akademik Urxan Ələkbərov: COP29-un Azərbaycanda keçirilməsi ölkəmizin siyasi və iqtisadi nüfuzunun göstəricisidir

Mayın 17-də Ədliyyə Nazirliyi və Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının təşkilatçılığı ilə “Yaşıl dünya naminə həmrəylik ili”nə həsr olunmuş seminar keçirilib. Tədbirdə çıxış edən ədliyyə nazirinin müavini Eldar Nuriyev bütün sahələrdə dinamik inkişaf edən Azərbaycanda son illər həyata keçirilən çoxşaxəli, müasir çağırışlara cavab verən islahatların uğurlu nəticələr verdiyini, ölkəmizin beynəlxalq nüfuz və mövqelərinin möhkəmləndiyini bildirib. Ötən 20 ildə demokratik dəyərlərin cəmiyyətdə daha da möhkəmləndiyini, həyata keçirilən sosial-iqtisadi inkişaf strategiyasının uğurlu nəticələr verdiyini, vətəndaş cəmiyyəti təsisatlarının möhkəmləndiyini, beynəlxalq təşkilatlarla əməkdaşlığın yeni müstəvidə davam etdirildiyini diqqətə çatdıran Eldar Nuriyev ədliyyə və məhkəmə sisteminin müasirləşdirilməsi tədbirlərinin də xüsusi diqqət mərkəzində olduğunu vurğulayıb. Ədliyyə nazirinin müavini xüsusi vurğulayıb ki, ölkəmiz regionun iri neft və qaz hasilatçılarından biri kimi müasir dünyanın yeni çağırışlarına əsas tutaraq, malik olduğu alternativ enerji mənbələrindən səmərəli istifadə istiqamətində mühüm tədbirlər həyata keçirir. Bu sahədə reallaşdırılan tədbirlərin beynəlxalq səviyyədə yüksək qiymətləndirilməsinin nəticəsi olaraq, BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının noyabrda Azərbaycanda keçirilməsinə qərar verilib. Eldar Nuriyev, həmçinin bildirib ki, nazirlik funksiyalarına uyğun olaraq tədbirə hazırlıqla bağlı üzərinə düşən vəzifələri reallaşdırır, vətəndaşların ekologiya hüququ sahəsində maarifləndirilməsi istiqamətində müvafiq tədbirlər həyata keçirir. Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının rektoru akademik Urxan Ələkbərov “Prezident İlham Əliyevin innovativ dövlət idarəçilik texnologiyaları: COP29-a aparan yol” mövzusunda mühazirəsində deyib ki, Prezident İlham Əliyevin ölkəmizin dinamik inkişafına, ərazi bütövlüyünün və suverenliyinin tam bərpasına imkan yaradan iqtisadi islahatlar strategiyası ölkənin təbii sərvətlərindən, intellektual resurslarından səmərəli istifadəyə əsaslanır. Akademik, həmçinin vurğulayıb ki, elmi əsaslara söykənən bu islahatlar iqtisadi potensialına görə dünyada 62-ci yerdə qərarlaşan Azərbaycanın 25 ən inkişaf etmiş, biznes üçün əlverişli mühitinin mövcud olduğu qabaqcıl ölkə sırasında yer tutmasını təmin edib. Onun sözlərinə görə, ölkəmizdəki xalq-iqtidar birliyindən qaynaqlanan ictimai-siyasi sabitlik amili, əlverişli biznes mühiti Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayan Azərbaycanın “yaşıl enerji” sahəsində də investisiya cəlbediciliyini yüksəldib. Akademik Urxan Ələkbərov çıxışında vurğulayıb ki, Azərbaycan qlobal miqyasda aktual olan “yaşıl enerji”, karbonsuzlaşdırma, hidrogen istehsalı kimi layihələrin reallaşdırılmasının əsas təşəbbüskarlarından birinə çevrilib. Rektor xatırladıb ki, Prezident İlham Əliyevin hələ 2004-cü il 21 oktyabr tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında alternativ və bərpa olunan enerji mənbələrindən istifadə olunması üzrə Dövlət Proqramı” bu sahədə yol xəritəsi müəyyənləşdirərək, bərpa olunan enerji mənbələrindən istifadə məqsədilə əsaslı tədbirlərin həyata keçirilməsinə imkanlar açıb. “Beynəlxalq Enerji Agentliyi tərəfindən plana əsasən, 2050-ci ilədək dünya ölkələri tərəfindən atmosferə atılan karbon emissiyalarının tam şəkildə qadağan edilməsi nəzərdə tutulur. Paris İqlim Sazişini ratifikasiya edən Azərbaycan baza ili olan 1990-cı illə müqayisədə 2030-cu ilədək istilik effekti yaradan qazların emissiyalarının səviyyəsində 35 faiz azalma ilə bağlı könüllü öhdəlik götürüb və artıq bu öhdəliyi 40 faizə çatdırıb” – deyən akademikin sözlərinə görə, Azərbaycanın 2030-cu ilədək sosial-iqtisadi inkişafa dair milli prioritetlərindən birinin “Təmiz ətraf mühit və yaşıl artım ölkəsi” kimi müəyyənləşdirilməsi, azad edilmiş ərazilərin və Naxçıvan Muxtar Respublikasının “yaşıl enerji” zonası, 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi bu sahədə aparılan məqsədyönlü dövlət siyasətinin təzahürüdür. Çıxışını davam etdirən rektor diqqətə çatdırıb ki, iştirakçıların sayına, müzakirəyə çıxarılan məsələlərin aktuallığına görə dünyanın ən mötəbər tədbirlərdən hesab edilən COP29-un Azərbaycanda keçirilməsi barədə qərarın qəbulu ölkəmizin siyasi və iqtisadi nüfuzunun, alternativ enerji istehsalı sahəsində zəngin potensiala malik olmasının göstəricisidir. Qeyd edilib ki, Prezident İlham Əliyevin 2021-ci il 3 may tarixli “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində “yaşıl enerji” zonasının yaradılması ilə bağlı tədbirlər haqqında” Sərəncamı işğaldan azad edilmiş ərazilərin bərpası və yenidən qurulması ilə bağlı yeni müasir konseptual yanaşmaları özündə əks etdirir: “Hesablamalara görə, Azərbaycanın quruda 27 qiqavatdan çox külək və günəş enerjisi, Xəzər dənizində 157 qiqavat külək enerjisi potensialı mövcuddur Qarabağ və Şərqi Zəngəzurda külək, günəş və hidroenerji potensialı 10 qiqavatdan çoxdur. Həmin potensial ölkədə ekoloji mühitin yaxşılaşdırılması və turizm cəlbediciliyinin artırılması ilə yanaşı, elektrik ixracı potensialının yüksəldilməsi baxımından da mühüm dividendlər vəd edir. Azərbaycanın yaşıl enerji sahəsində reallaşdırdığı layihələrin əsas məqsədlərindən biri də ölkədə elektrik enerjisi istehsalına sərf olunan böyük həcmdə təbii qaza qənaət olunması və Avropaya ixracın həcminin artırılmasıdır” – deyən Urxan Ələkbərov onu da əlavə edib ki, Prezident İlham Əliyevin 2022-ci ilin dekabrında Rumıniyaya işgüzar səfəri çərçivəsində imzalanmış “Azərbaycan Respublikası, Gürcüstan, Rumıniya və Macarıstan Hökumətləri arasında “yaşıl enerji”nin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında Saziş” Azərbaycanın alternativ mənbələr hesabına istehsal edəcəyi “yaşıl enerji”nin Gürcüstan ərazisindən – Qara dənizin dibi ilə çəkiləcək sualtı kabel vasitəsilə Avropa ölkələrinə ixracını nəzərdə tutur.