loader image

Dia.edu.az

“İdarəetmə və iqtisadiyyatda 2030 trendləri” mövzusunda respublika elmi-praktik konfransı keçirilib

Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında (DİA) “İdarəetmə və iqtisadiyyatda 2030 trendləri” mövzusunda respublika elmi-praktik konfransı keçirilib. Konfransın məqsədi “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”, “Yaşıl dünya naminə həmrəylik ili”, Azərbaycanın ev sahibliyi edəcəyi BMT-nin İqlim Dəyişikliyi haqqında Çərçivə Konvensiyasının (UNFCCC) 29-cu tərəflər Konfransı (COP29) ilə bağlı görülən işlərə və ölkənin yaşıl enerji siyasətinə dəstək olmaqdır. Konfransın işində Xarici İşlər Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Dövlət Sosial Müdafiə Fondu, Elm və Təhsil Nazirliyinin Riyaziyyat və Mexanika İnstitutu, İqtisadiyyat İnstitutu, İqtisadiyyat Nazirliyi yanında Sahibkarlığın İnkişafı Fondu, İqtisadi Elmi-Tədqiqat İnstitutu, Azərbaycan Beynəlxalq Bankı, Azərbaycan Dövlət Aqrar Universitetinin nümayəndələri təmsil olunublar. Respublika elmi-praktik konfransının gündəliyi və seçilmiş istiqamətlər regional inkişafın idarə olunmasında innovativ proseslərin təhlilinə, perspektiv imkanların öyrənilməsinə həsr olunub. Açılış mərasimində DİA-nın rektoru akademik Urxan Ələkbərov “Azərbaycan Respublikasının dövlət idarəçiliyində yeni texnologiyalar: COP29-a aparan yol” mövzusunda məruzə ilə çıxış edib. Sonra Riyaziyyat və Mexanika İnstitutunun direktoru professor Misir Mərdanov konfransın aktuallığı ilə bağlı fikirlərinin bölüşüb. Plenar iclasda Sahibkarlığın İnkişafı Fondunun İdarə Heyəti sədrinin müavini Eldar Həmidov “ESG (Ətraf mühit, sosial və korporativ idarəetmə) və davamlı maliyyə”, Xarici İşlər Nazirliyi / COP29 üzrə danışıqlar qrupundan Elçin Allahverdiyev “COP29-a hazırlıq çərçivəsində Azərbaycan Respublikası qlobal iqlim fəaliyyəti üzrə substantiv danışıqlar prosesi”, DİA-nın Dövlət idarəetməsi və menecment kafedrasının müdiri doktoru professor Xatirə Hüseynova “Azərbaycan Respublikasının yeni inkişaf dövrünün vacib aspektləri” mövzusunda məruzə ilə çıxış ediblər. Konfrans işini “Davamlı inkişaf və yaşıl iqtisadiyyat”, “İdarəetmədə və iqtisadiyyatda yeni yanaşmalar”, “Gələcək texnologiyalar və idarəetmə” adlı bölmələrdə davam etdirib.