loader image

Dia.edu.az

“İqlim dəyişikliyinə uyğunlaşma” üzrə təlimlərin yekun təqdimatı keçirilib

Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında (DİA) mərkəzi və yerli icra hakimiyyəti orqanlarının əməkdaşları üçün “İqlim dəyişikliyinə uyğunlaşma üzrə” mövzusunda təlimlər uğurla başa çatıb. Təlimlər BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası olan COP29-un Azərbaycanda keçirilməsi ilə əlaqədar yekdil qərara və Prezident İlham Əliyevin Azərbaycan Respublikasında 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi haqqında Sərəncamına əsasən keçirilib. DİA və BMT-nin İnkişaf Proqramı (UNDP) ilə əməkdaşlıq çərçivəsində həyata keçirilən təlimin yekun təqdimatında universitetin rektoru akademik Urxan Ələkbərov çıxış edib. Rektor COP29-un ölkəmizdə keçirilməsinin çox vacib olduğunu bildirib. O, Azərbaycan Prezidentinin Sərəncamı ilə 2024-cü ilin respublikamızda “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsinin ölkəmizdə ətraf mühitin mühafizəsi sahəsində aparılan məqsədyönlü və ardıcıl dövlət siyasətinin tərkib hissəsi olduğunu diqqətə çatdırıb. Ümummilli Lider Heydər Əliyevin tarixi xidmətlərindən söz açan Urxan Ələkbərov ölkənin ictimai-siyasi, sosial-iqtisadi və elmi-mədəni həyatında əsaslı dönüşün yarandığını qeyd edib. Azərbaycanda qazanılan uğurların dahi rəhbər Heydər Əliyev siyasətinin bəhrəsi olduğunu bildirən rektor Urxan Ələkbərov Ulu Öndər tərəfindən müəyyənləşdirilmiş və Prezident İlham Əliyevin uğurla davam etdirdiyi inkişaf strategiyası sayəsində ölkəmizin qazandığı nailiyyətlərə diqqət çəkib. Daha sonra rektor təlimi uğurla başa vuranları təbrik edib. Təlim mayın 6-dan iyunun 12-dək Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Kənd Təsərrüfatı Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Energetika Nazirliyi, Dövlət Statistika Komitəsi və digər qurumların əməkdaşları üçün təşkil edilib. Təlimlər 6 həftə, hər bir təlim 4 saat olmaqla davam edib. İqlim dəyişmələri mövzusunda iştirakçılara 12 fərqli modul üzrə müxtəlif ekspertlər təlim keçib. Sonda təlimləri uğurla başa vuranlara sertifikatlar təqdim edilib.