DİA-nın nümayəndə heyəti Qazaxstanda Türk Dövlətləri Təşkilatına üzv ölkələrin insan resurslarının inkişafına dair növbəti görüşündə iştirak edib
Qazaxstan Respublikasının Astana şəhərində Türk Dövlətləri Təşkilatına üzv dövlətlərin insan resurslarının inkişafı sahəsində səlahiyyətli qurumların rəhbərlərinin üçüncü iclası keçirilib.
Tədbirdə Türk Dövlətləri Təşkilatının Baş katibi Kubanıçbek Omuraliev, Türkiyə Respublikasının Prezidenti yanında İnsan Resurslarının İdarə Edilməsi İdarəsinin rəhbəri Səlim Atay, Qazaxstan Respublikasının Dövlət Qulluğu Məsələləri üzrə Agentliyin sədri Darxan Yazıkbay, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının rektoru, akademik Urxan Ələkbərov, Qazaxstan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının rektoru Yerlan Abil, Azərbaycan Respublikası Dövlət İmtahan Mərkəzinin sədr müavini Bəhram Xəlilov, Özbəkistan Respublikasının Dövlət Qulluğu Məsələləri üzrə Agentliyin direktorunun birinci müavini Amirtemirxon Musayev, Türkiyə Respublikasının Prezidenti yanında İnsan Resurslarının İdarə Edilməsi İdarəsinin Təlim və İnkişaf şöbəsinin müdiri Savaş Ceylan, Qırğızıstan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının prorektoru Urmat Amanbayev, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Elmi təşkilat və beynəlxalq əlaqələr şöbəsinin müdiri Elvin Əzizbəyovun və Qazaxıstanın bir sıra mərkəzi dövlət orqanlarının aparat rəhbərləri iştirak etmişlər.
Görüşün əsas məqsədi Türk Dövlətləri Təşkilatına üzv dövlətlərdə çalışan dövlət qulluqçularının insan resursları sahəsində təcrübə mübadiləsinin və ən aktual məsələlərin müzakirəsi olmuşdur. Müzakirə iştirakçıları Qazaxıstanın dövlət qulluğunun təkmilləşdirilməsi istiqamətində atdığı addımları müsbət qiymətləndirib, insan kapitalının inkişafı sahəsində təcrübələrini bölüşüb, fikirlərini bildiriblər. Eyni zamanada, Azərbaycanda dövlət qulluğuna verilən təlimlər, qəbul və qiymətləndirmə üçün müxtəlif test vəsaitlərinin geniş tətbiqi, Qırğızıstanda dövlət qulluqçularının rəqəmsal savadlılığının artırılması, Türkiyədə ömürboyu təhsil sistemlərinin inkişafı, Özbəkistanda dövlət qulluqçularının fəaliyyətinin qiymətləndirilməsi mexanizmlərinin modernləşdirmə üzrə fəal iş aparılırlması məsələlrinə həsr olunmuş məruzələr dinlənilmişdir.
Görüşün sonunda iştirakçılar dövlət qulluğunda insan resurslarının idarə edilməsi sahəsində təcrübə mübadiləsi və ən yaxşı həllərin işlənib hazırlanması üçün belə görüşlərin əhəmiyyətini qeyd edərək, əməkdaşlığın daha da gücləndirilməsi niyyətlərini bildiriblər.
Səfər çərçivəsində DİA-nın nümayəndə heyəti Qazaxstan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası tərəfindən təşkil olunan “Müasir insan resurslarının inkişafı sahəsində təcrübə mübadiləsi” mövzusunda beynəlxalq elmi konfransda və 2024-cü ilin “Məzun günü” tədbirində də iştirak etmişlər.