Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası (DİA) və Ədliyyə Nazirliyinin Bələdiyyələrlə İş Baş İdarəsinin birgə təşkilatçılığı ilə “Bələdiyyələrin idarəçiliyində gənclərin rolu” mövzusunda dəyirmi masa təşkil edilib.
Dəyirmi masada Bələdiyyələrlə İş Baş İdarəsinin rəis müavini Mehdi Abdullayev çıxış edərək bildirib ki, Ulu Öndər Heydər Əliyevin başlatdığı genişmiqyaslı hüquqi islahatlar Prezident İlham Əliyev tərəfindən uğurla və sistemli şəkildə davam etdirilərək sosial-iqtisadi amillər, elmi-texniki nailiyyətlər və yeni çağırışlar nəzərə alınmaqla həyata keçirilir. O, DİA ilə birlikdə həyata keçiriləcək fəaliyyət istiqamətləri haqqında iştirakçıları məlumatlandırıb. Daha sonra DİA-nın Siyasi idarəetmə fakültəsinin dekanı dosent Mürtəza Həsənov, İnzibati idarəetmə fakültəsinin dekanı dosent Elnur Əliyev, Bələdiyyələrlə İş Baş İdarəsinin məsul əməkdaşı Qılıc Hüseynov, Qaraçuxur bələdiyyəsinin üzvü Rəmzi İmanov, DİA-nın əməkdaşı Ədalət Mahmudov çıxış edərək gələcək əməkdaşlıq və fəaliyyət istiqaməti üzrə fikirlərini bildiriblər. Tədbirdə tələbələrin sualları cavablandırılıb.