DİA tələbələri müsabiqədə qalib gəliblər
Beynəlxalq hüquqşünas tələbələr birliyi olan ELSA Azərbaycan və Azərbaycan Respublikası Baş Prokurorluğunun birgə təşkilatçılığı ilə ənənəvi "Şahid Dindirmə" Müsabiqəsinin 4-cü buraxılışı keçirilmişdir. Şahid Dindirmə Müsabiqəsi iki nəfərdən ibarət müstəntiq qismində çıxış edən komandalarla şahid arasında həyata keçirilən dindirmə prosesinin simulyasiyasıdır. Bu simulyasiya cinayət işi üzrə həqiqətin üzə çıxarılması üçün əhəmiyyətli olan hallara dair məlumatların şahiddən alınması və cinayətin təsvirinin verilməsi məqsədi daşıyır. Müsabiqədə müxtəlif universitet və akademiyalardan 7 komanda iştirak etmiş və onların çıxışları Baş Prokurorluğun təcrübəli prokuror və müstəntiqləri tərəfindən qiymətləndirilmişdir. Müsabiqə yekununda Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının hüquqşünaslıq ixtisası üzrə 4-cü kurs tələbələri Paşayeva Fidan və Nadirova Ləman 1-ci yerə layiq görülmüşdür. Eyni zamanda Akademiyanın hüquqşünaslıq ixtisası üzrə 3-cü kurs tələbəsi Yusifli Ceyranın iştirak etdiyi komanda 2-ci yerə layiq görülmüşdür.