Noyabrın 25-də Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası və Gürcüstanın Zurab Jvaniya adına Dövlət İdarəçilik Məktəbi arasında əməkdaşlıq haqqında memorandum imzalanıb. Memorandum çərçivəsində təhsil, tədqiqat sahəsində birgə əməkdaşlıq və təcrübə mübadiləsi həyata keçiriləcək. Bu məqsədlə tərəflər elmi sahədə mütəxəssislərin hazırlanması istiqamətində əlaqələri genişləndirəcək, birgə tədqiqat layihələri hazırlayacaq və əhəmiyyət kəsb edən mövzular üzrə forum, simpozium, konfrans və ekspert görüşləri keçirəcəklər. Sənədi DİA-nın rektoru akademik Urxan Ələkbərov və Z.Jvaniya adına Dövlət İdarəçilik Məktəbinin direktoru Ketevan Jakeli imzalayıblar. Dövlət İdarəçilik Akademiyasının rektoru çıxışında Azərbaycanda qazanılan uğurların təməlində əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuş və Prezident İlham Əliyevin uğurla davam etdirdiyi innovativ dövlət idarəçiliyi strategiyasının olduğunu xüsusi vurğulayıb. Akademik bildirib ki, Azərbaycanın hazırkı davamlı inklüziv inkişafı dövlət idarəçiliyi sahəsində aparılan ardıcıl uğurlu islahatların nəticəsidir. Rektor Urxan Ələkbərov Azərbaycan ilə Gürcüstanın mehriban qonşuluq və dostluq, strateji tərəfdaşlıq münasibətlərini qeyd edərək, imzalanan sənədlə iki ali təhsil müəssisəsi arasında da əlaqələrin genişlənəcəyinə əminliyini ifadə edib. Zurab Jvaniya adına Dövlət İdarəçilik Məktəbinin direktoru Ketevan Jakeli Azərbaycanın regionda dinamik templə inkişaf etdiyini və hər dəfə ölkəyə səfər edən zaman bu inkişafın şahidi olduğunu bildirib. O qeyd edib ki, Azərbaycan Gürcüstan üçün vacib dövlətdir və ali təhsil müəssisələri arasında imzalanmış müvafiq sənəd təhsil sahəsində əlaqələrə töhfə verəcək.
- 26 Noy
- 2024