loader image

Dia.edu.az

Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının tələbələrinə Baş Prokurorluğun əməkdaşı tərəfindən praktiki məşğələ keçirilmişdir

Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının hüquqşünaslıq ixtisasında bakalavr təhsili alan tələblərinə nəzəri biliklərlə yanaşı, müvafiq dövlət orqanlarında çalışan təcrübi əməkdaşlar tərəfindən praktiki biliklərin verilməsi təcrübəsindən də geniş istifadə olunur.
Bu ənənənin davamı olaraq, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Baş Prokurorluqla əməkdaşlığı çərçivəsində cari ilin dekabr ayının 3-ü Baş Prokurorluğun Kriminalistika şöbəsinin rəisi Orxan Rzayev və həmin şöbənin əməkdaşları tərəfindən DİA-nın Hüquq kafedrasının müəllimi Fəridə Mövsümovanın iştirakı ilə hüquqşünaslıq ixtisasının IV kurs tələbələrinə “Kriminalistika metodikasının ümumi məsələləri” mövzusunda praktiki məşğələ keçirilmişdir
Əməkdaşlıq çərçivəsində tələbələr Baş Prokurorluğun inzibati binası ilə tanış olmuş və onlara Baş Prokurorluğun iş fəaliyyətinin istiqamətləri haqqında ətraflı məlumat verilmişdir. Daha sonra Baş Prokurorluğun Kriminalistika Şöbəsinin əməkdaşları tərəfindən tələbələrə cinayət işlərinin təhqiqatı zamanı istifadə edilən müasir texnoloji avadanlıqlar təqdim olunmuş, tanışlıq üçün xüsusi imkan yaradılmış və bu avadanlıqların praktik tətbiqi əyani şəkildə nümayiş etdirilmişdir. Tələbələr özləri də əldə etdikləri nəzəri bilikləri praktikada tətbiq edərək, izlərin götürülməsi texnikasını göstərmiş, onlar bu cür təminat imkanlarını araşdıraraq, hadisə yerindən sübutların götürülməsi və rəsmiləşdirilməsi üsulları ilə tanış olmuşdurlar. Praktiki məşğələ zamanı xüsusi diqqət isə hadisə yerinin modelləşdirilməsi, izlərin toplanması və analiz edilməsi kimi innovativ metodlara yönəldilmişdir.
Praktiki məşğələnin sonunda tələbələr Baş Prokurorluğun Kriminalistika şöbəsinin rəisi Orxan Rzayevə və həmin şöbənin əməkdaşlarına öz təşəkkürlərini bildirmiş və əldə etdikləri yeni biliklərin gələcəkdə onlara necə faydalı olacağını vurğulamışdırlar.