BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası olan COP29-un nəticələri və “Yaşıl dünya naminə həmrəylik ili” ilə əlaqədar Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında BMT-nin İnkişaf Proqramı (UNDP) ilə əməkdaşlıq çərçivəsində yerli icra hakimiyyəti orqanlarının rəhbər kadrları üçün “İqlim dəyişikliyinə uyğunlaşma üzrə” təlimlərə başlanılıb. Təlimlər 23-26 dekabr tarixlərində sosial-iqtisadi məsələlər və innovativ inkişaf siyasəti sahəsində fəaliyyət göstərən yerli icra hakimiyyətləri orqanlarının əməkdaşları üçün nəzərdə tutulub. Təlimin açılışında Dövlət İdarəçilik Akademiyasının rektoru akademik Urxan Ələkbərov “Prezident İlham Əliyevin yeni dövlət idarəçilik texnologiyaları: COP29-un nəticələri” mövzusunda çıxış edib. Rektor belə bir tədbirin ölkəmizdə keçirilməsinin çox vacib olduğunu bildirib. O, Azərbaycan Prezidentinin Sərəncamı ilə 2024-cü ilin respublikamızda “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsinin ölkəmizdə ətraf mühitin mühafizəsi sahəsində aparılan məqsədyönlü və ardıcıl dövlət siyasətinin tərkib hissəsi olduğunu diqqətə çatdırıb. Ümummilli Lider Heydər Əliyevin tarixi xidmətlərindən də söz açan Urxan Ələkbərov ölkənin ictimai-siyasi, sosial-iqtisadi və elmi-mədəni həyatında əsaslı dönüşün yarandığını qeyd edib. Azərbaycanda qazanılan uğurların dahi rəhbər Heydər Əliyev siyasətinin bəhrəsi olduğunu bildirən rektor Urxan Ələkbərov Ulu Öndər tərəfindən müəyyənləşdirilmiş və Prezident İlham Əliyevin uğurla davam etdirdiyi inkişaf strategiyası sayəsində ölkəmizin qazandığı nailiyyətlərə diqqət çəkib. Daha sonra iqlim dəyişikliyi sahəsində ekspert Ramil Hüseyn “İqlim dəyişikliyinə uyğunlaşmalar: Kənd təsərrüfatı sektorunda iqlim dəyişikliyinə uyğunlaşma” mövzusunda təlim keçmişdir. Təlim zamanı iqlim dəyişikliyinə həssaslıq, uyğunlaşma qabiliyyəti və risklərin idarə edilməsi mövzularında biliklər paylaşılmış, eyni zamanda, beynəlxalq əməkdaşlıq və fermerlərin məlumatlandırılması istiqamətində tədbirlərin əhəmiyyəti vurğulanmışdır. Digər bir ekspert Təranə Cəfərova “İqlim dəyişməsinin gender- diferensiallaşdırılmış təsirləri” mövzusu ilə gender və iqlim dəyişmələri arasında qarşılıqlı əlaqəni izah edərək, milli gender siyasəti, beynəlxalq öhdəliklər və iqlim dəyişməsi üzrə əsas beynəlxalq konvensiyaların gender aspektlərini açıqlayıb. Təlimin ilk günü uğurla nəticələnmiş, təlimin növbəti günlərində iqlim dəyişikliyi sahəsində ekspertlərdən olan Rövşən Abbasov, Fuad Hümbətovun təlim keçməsi nəzərdə tutulmuşdur.
- 24 Dek
- 2024