17-19 dekabr 2024-cü il tarixlərində Rusiya Federasiyasının Həştərxan şəhərində “Xəzər dənizinin su bioloji resurslarının mühafizəsi, səmərəli istifadəsi və onların birgə ehtiyatlarının idarə olunması üzrə Komissiya”nın 8-ci sessiyası keçirilib. İclasda Xəzəryanı ölkələrin balıqçılıq və akvakultura sahəsi üzrə fəaliyyət göstərən dövlət qurumlarının nümayəndə heyətləri iştirak edib. Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının nəzdində fəaliyyət göstərən “Davamlı inkişafda mavi texnologiyalar Mərkəzi”nin direktoru, professor Mehman Axundovun başçılıq etdiyi nümayəndə heyəti tədbirdə Azərbaycanı təmsil edib. Tərəflər Xəzər dənizinin su bioloji resurslarının ovu kvotasının istifadəsi, balıq ehtiyatlarının süni artırılması və mühafizəsi, elmi tədqiqatların nəticələrinə əsasən su bioloji resurslarının ehtiyatlarının vəziyyəti haqqında informasiya mübadiləsini apardılar və bunları nəzərə aldılar. Tərəflər Elm və Akvakultura üzrə İşçi qruplarının keçirilmiş görüşlərin nəticələri barədə məlumatı nəzərə aldılar, Xəzərin bioloji resursları və dəniz mühitinin öyrənilməsi üzrə Kompleks tədqiqat proqramının hazırlanması və onun Komissiyanın təsdiqi üçün təqdim edilməsini tapşırdılar. Tərəflər nərə balıq növləri üzrə kommersiya ovunun 2025-ci ildə qadağan edilməsi vaxtının uzadılması, kürü və ətinin ixrac kvotaların təyin olunmaması, ovun yalnız elmi-tədqiqat və süni artırılma məqsədləri barədə qərarı qəbul etdilər. Tərəflər 2025-ci il üçün ümumi (birgə) su bioloji resurslarının (nərə balıq növlərinin, kilkələrin və suitilərin) ovlama həcmlərini razılaşdırdılar. Komissiyanın 8-ci sessiyasının nəticələrinə dair Protokolun rəsmi imzalanması edilmişdir.
- 24 Dek
- 2024