loader image

Dia.edu.az

Dövlət İdarəçilik Akademiyasında 20 Yanvar faciəsi qurbanlarının xatirəsi anılıb

Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında 20 Yanvar faciəsinin ildönümünə həsr olunan dəyirmi masa baş tutdu. Yanvarın 17-də faciə ilə əlaqədar dəyirmi masa baş tutdu. Əvvəlcə tədbir iştirakçıları şəhidlərin əziz xatirəsini yad ediblər. Konfransı giriş sözü ilə açan DİA-nın rektoru, akademik Urxan Ələkbərov 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Sovet İmperiya ordusunun Bakıda və ölkəmizin digər şəhər və rayonlarında törətdiyi qanlı hadisələrdən danışıb. Qeyd olunub ki, 20 Yanvarda Azərbaycan xalqına qarşı törədilmiş bu cinayət həm də bütün bəşəriyyətə, insanlığa qarşı həyata keçirilib. Rektor vurğulayıb ki, 20 Yanvar hadisələri ilə əlaqədar ümummilli lider Heydər Əliyev Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələrək keçirdiyi mətbuat konfransında kəskin bəyanatla çıxış edib, Bakıda törədilən qırğınların təşkilatçılarını cinayətkar adlandırıb, baş verənlərə siyasi qiymət verilməsini, günahkarların cəzalandırılmasını qətiyyətlə tələb edib. Ulu Öndərin siyasi hakimiyyətə qayıdışından sonra şəhidlərin xatirəsini əbədiləşdirmək üçün həmin tarix ümumxalq hüzn günü elan edilib, hadisəyə rəsmi siyasi və hüquqi qiymət verilib. U.Ələkbərov diqqətə çatdırıb ki, Prezident İlham Əliyev 20 Yanvar şəhidlərinin xatirəsinin uca tutulmasına, onların ailələrinin sosial məsələlərinin həllinə xüsusi diqqət göstərir. Dövlət İdarəçilik Akademiyasının Tarix kafedrasının müdiri, dosent Firdovsiyyə Əhmədova və Beynəlxalq münasibətlər kafedrasının professoru, Qarabağ İrsini Araşdırma Mərkəzinin müdiri Elçin Əhmədov faciə ilə bağlı geniş nitq ilə çıxış etmişlər. Onlar 1990-cı ilin o qış günlərində xalqımızın böyük faciə ilə üzləşdiyini, özünün Vətənə, torpağa sədaqətini, qəhrəmanlığını, müstəqillik uğrunda mübarizliyini bütün dünyaya nümayiş etdirdiyini qeyd ediblər.