DİA – da “Milli mənsubiyyət hüququnun konstitusion əsasları və tarixi aspektləri” mövzusunda beynəlxalq konfrans keçirilib
Fevralın 18-də Bakıda Azərbaycan Respublikasının insan hüquqları üzrə müvəkkilinin (ombudsman), Dövlət İdarəçilik Akademiyasının və Beynəlxalq Osmanlı Tədqiqatları Mərkəzinin birgə təşkilatçılığı ilə “Milli mənsubiyyət hüququnun konstitusion əsasları və tarixi aspektləri” mövzusunda beynəlxalq konfrans təşkil olunub.
Tədbirdə çıxış edən Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının rektoru, akademik Urxan Ələkbərov milli mənsubiyyət hüququ ilə bağlı fikirlərini bölüşüb.
Qeyd edib ki, Prezident İlham Əliyev tərəfindən tətbiq edilən müasir idarəçilik modeli sayəsində ölkəmiz dünya reytinqdə irəliləyir. Azərbaycan səmərəlilik baxımından da dünyada qabaqcıl ölkələr sırasındadır. Əlavə edib ki, ölkəmizdə tətbiq edilən yeni idarəetmə texnologiyaları sayəsində inklüziv cəmiyyətin formalaşdırılması sahəsində ciddi nəticələr qazanılıb.
Azərbaycan Respublikasının insan hüquqları üzrə müvəkkili (ombudsman) Səbinə Əliyeva milli mənsubiyyət hüququ kimi məsələlərin müasir dövrdə vacibliyini qeyd edib, bu hüququn beynəlxalq hüquq normalarında əksini tapdığını diqqətə çatdırıb.
O təəssüflə vurğulayıb ki, beynəlxalq sənədlərdə, milli qanunvericilikdə milli mənsubiyyətə görə ayrı-seçkilik qadağan olunsa da, dünyada insanların milli və etnik mənsubiyyətinə görə təqib olunması, ayrı-seçkiliyə, soyqırımı kimi dəhşətli cinayətlərə məruz qalması hallarına rast gəlinir: “Azərbaycan bu siyasətin nəticələrindən ən çox zərər çəkmiş ölkələrdən biridir. XX əsrin əvvəllərində soyqırımına məruz qalmış xalqımız həmin əsrin sonlarından etibarən yenidən Ermənistanın Azərbaycana qarşı ərazi iddiaları və hərbi təcavüzü ilə özünü göstərən nifrət siyasətinin qurbanına çevrilib”.
Daha sonra Beynəlxalq Osmanlı Tədqiqatları Komitəsinin İdarə Heyətinin üzvü, məşhur türkiyəli tarixçi, professor İlbər Ortaylı “Müstəqilliyə aparan yol: Türk dünyası və Azərbaycan münasibətləri kontekstində” mövzusunda çıxış edib. O, Azərbaycan, Türkiyə və bütövlükdə Türk dünyasının ortaq tarixi barədə danışaraq, türk xalqlarının öz milli-mənəvi dəyərlərinə hörmətlə yanaşdığını, əsrlər boyu milli kimliyini qoruyub saxladığını vurğulayıb.
Professor bildirib ki, mərhum dövlət xadimi Heydər Əliyev Türk dünyası üçün unudulmaz liderdir. Onun “Bir millət, iki dövlət” kəlamı reallıqdır. Türkiyəli tarixçi vurğulayıb ki, Azərbaycan və Türkiyənin münasibətlərinin dünyada örnəyi yoxdur. Xarici siyasət baxımından da dostlarımız və düşmənlərimiz eynidir.
Azərbaycan Dövlət Pedaqoji Universitetinin Beynəlxalq əlaqələr üzrə prorektoru, professor Mahirə Hüseynova “Qərbi azərbaycanlıların zorla çıxarılması və Ermənistan dövlətinin strateji məqsədləri” mövzusunda çıxış edib. Professor Ermənistandan qaçqın düşmüş soydaşlarımızın tarixi torpaqlarına qayıtmaq istəyini onların beynəlxalq konvensiyalarla təsbit edilən hüququ olduğunu bildirib.
Azərbaycan Milli Elmlər Akademiyasının Şərqşünaslıq İnstitutunun baş elmi işçisi, professor Solmaz Rüstəmova–Tohidi “Azərbaycanlıların milli mənsubiyyət hüququnun tanınması tarixi: Milli kimlikdən konstitusion hüquqa” mövzusunda çıxışında Cənubi Qafqazda azərbaycanlıların yeri, rolu və milli kimliyinin, milli mənsubiyyətin tanınması kimi məsələlərə tarixi-hüquqi prizmadan diqqəti çəkib.
Beynəlxalq konfrans müzakirələrlə davam edib.