loader image

Dia.edu.az

Dövlət İdarəçilik Akademiyasında Xocalı soyqırımının 33-cü ildönümü ilə əlaqədar tədbir
keçirilib

w4
w3
w6
w2
w5
w1

Previous
Next

Fevralın 26-da Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik
Akademiyasında (DİA) Xocalı soyqırımının 33-cü ildönümü ilə əlaqədar tədbir keçirilib.
Tədbirdə əvvəlcə şəhidlərin və Xocalı faciəsi qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla
anılıb.
 
Konfransı Akademiyanın rektoru, akademik Urxan Ələkbərov açaraq, 1992-ci il fevral
ayının 26-da Ermənistan silahlı birləşmələrinin Azərbaycan xalqına qarşı növbəti qanlı
təcavüz törətdiklərini qeyd etdi. Rektor, bu tarixi hər bir vətəndaşın xüsusilə gənclərin
bilməsini tövsiyə edərək, eyni zamanda bu hadisələri Azərbaycanın Respublikasının
ərazi bütövlüyü yolunda, xalqımızın müstəqillik yolunda apardığı mübarizənin əsası
kimi, xalqın qəhrəmanlığının, cəsarətinin nümayişi kimi xatırlamağın əhəmiyyətini
bildirdi. U.Ələkbərov Ümummilli lider Heydər Əliyevin xalqın tələbi ilə hakimiyyətə
gəldikdən sonra Xocalıda baş verənlərə ilk dəfə olaraq siyasi – hüquqi qiymət verildiyini,
bu hadisənin soyqırım aktı kimi təsbit olduğunu vurğuladı.  O, ölkə prezidenti İlham
Əliyevin təşəbbüsü ilə Xocalı soyqırımı haqqında həqiqətlərin artıq beynəlxalq
ictimaiyyət tərəfindən tanındığını vurğulayaraq erməni şovinizminin ifşa olunduğunu
qeyd etdi. Rektor 44 günlük müharibə və antiterror tədbirlərindən sonra Qarabağda əli
qana bulaşmış şəxslərin cəzalanacaqlarına şübhəsinin olmadığını vurğulayaraq
suverenliyin bərpasından sonra bölgədəki quruculuq işlərindən bəhs etdi. “Ali Baş
Komandan İlham Əliyevin rəhbərliyi ilə müzəffər Azərbaycan Ordusu 44 günlük
müharibə ərzində parlaq qələbəyə imza atdı. Prezident İlham Əliyev 2023-cü il
oktyabrın 15-də Xocalı şəhərində üçrəngli bayrağımızı ucaltdı. Artıq həmin torpaqlarda
Azərbaycan dövlətinin suverenliyi təmin olunub. Bu vacib tarixi nyüansları gənclər yaxşı
bilməlidirlər”.
Daha sonra tədbir çıxışlar formasında davam edib. Tarix kafedrasının professoru Havva
Məmmədova Xocalı şəhərinin yüzlərlə əliyalın mülki əhalisinin müasir hərbi texnika ilə
silahlanmış düşmənin qəfil və amansız hücumuna məruz qalmasından bəhs edərək,
yüzlərlə günahsız insanın kütləvi şəkildə məhv edilməsi, qocalar, qadınlar, uşaqlar, hətta
körpələrin ən dəhşətli üsul və vasitələrlə qətlə yetirilməsi, əhalinin əksəriyyətinin girov
götürülərək insanlığa sığmayan həqarət və təhqirlərlə üzləşdiklərini xatırlatdı. “Bu gün
Xocalıda, Şuşada, Xankəndidə Azərbaycan Bayrağının dalğalanması qəlbimizi qürur
hissi ilə doldurur”, – deyə Havva Məmmədova əlavə edib.
“Qarabağ irsinin araşdırılması mərkəzi”nin rəhbəri, Beynəlxalq münasibətlər
kafedrasının professoru Elçin Əhmədov Xocalı soyqırımından 33 il ötsə də, onun ağrı-
acılarının qəlbimizdə yaşadığını qeyd edərək, ermənilərin Xocalının dinc sakinlərinə
qanlı divan tutmalarının yaddaşlardan silinməyəcəyini və bir gecədə məhv edilmiş
Xocalı şəhərinin adının Ruanda, Srebrenitsa və Holokost ilə qoşa çəkildiyini vurğuladı.
“Son iki əsrdə erməni millətçiləri tarixi Azərbaycan torpaqları hesabına mifik “böyük
Ermənistan” ideyasını gerçəkləşdirmək məqsədilə dəfələrlə xalqımıza qarşı terror,
kütləvi qırğın, deportasiya və etnik təmizləmə kimi bəşəri cinayətlər törədiblər. Xocalı
faciəsi isə 200 ilə yaxın bir müddətdə erməni millətçilərinin və onların havadarlarının
Azərbaycan xalqına qarşı apardıqları etnik təmizləmə və soyqırımı siyasətinin davamı
və ən qanlı səhifəsi olub. Bu dəhşətli soyqırım dünyanın gözü qarşısında baş verib,
qəddarlığı və amansızlığı ilə fərqlənib”.
Digər çıxış edənlər Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə
şanlı Ordumuzun 44 günlük Vətən müharibəsində Zəfər qazanmaqla düşmənə dərs
verdiyini vurğulayıblar. Xatırladılıb ki, 2023-cü ildə lokal xarakterli antiterror tədbirləri
nəticəsində suverenliyimiz tam bərpa olunub. Bütün keçmiş məcburi köçkünlər kimi,
xocalılılar da artıq evlərinə qayıtmaqdadırlar.