Martın 12-də Prezident yanında Dövlət İdarəçilik Akademiyasında “İctimai
fəaliyyətin gənclərin şəxsi inkişafında təsiri” mövzusunda Milli Məclisin deputatı,
Gənclər və idman komitəsinin və Qərbi Azərbaycan İcmasının Gənclər şurasının
sədri Şahin İsmayılovla görüş keçirilib.
Tədbirin girişində Şahin İsmayılov rektor Urxan Ələkbərova yaratdığı şəraitə görə
təşəkkürünü bildirdi. O, dövlət və gənclər siyasəti, gənclərin ali təhsil
müəssisələrindəki tədrisi, seçdikləri ixtisaslar və gələcəkdə onları gözləyən
perspektivlər haqqında müzakirə aparıb. Şahin İsmayılov bildirib ki, Azərbaycan
xalqının ümummilli lideri Heydər Əliyevin hakimiyyətə gəlməsindən sonra
bütün taleyüklü məsələlərin həllinə düşünülmüş şəkildə start verdi. “Gənclər
siyasəti də Ulu Öndərin diqqətindən yayınmamışdı. Gənclərin inkişafı üçün
görülən bütün işlər ümumilikdə ölkənin hərtərəfli inkişafının təmin olunması
üçün potensial kadr bazasının hazırlanması və vətənpərvər gənclərin
yetişdirilməsinə istiqamətlənmişdi. Azərbaycan gəncləri 44 günlük Vətən
müharibəsi zamanı da olduqca böyük qəhrəmanlıq göstərdilər. Məhz Ali Baş
Komandanın rəhbərliyi və Azərbaycanın gənc əsgərlərinin şücaəti nəticəsində
torpaqlarımız işğaldan azad olundu. Prezident İlham Əliyev də müharibə
zamanı gənclərimizin döyüşlərdə göstərdikləri şücaətdən geniş danışıb,
onların Vətən uğrunda fədakarlıqlarını yüksək qiymətləndirib. Mən əminəm ki,
Azərbaycan gəncliyi bundan sonrakı dövrdə də Azərbaycanın inkişafı üçün
əllərindən gələni edəcək və Prezident İlham Əliyevin ətrafında daha sıx
birləşəcəklər”.
Rektorun müşaviri Zaur Məmmədov Şahin İsmayılova maraqlı diskussiya üçün
minnətdarlığını bildirərək belə görüşlərin hər bir gəncin həyatında əhəmiyyət
daşıdığını bildirdi.
Sonda millət vəkili tələbələrin suallarını cavablandırıb.