loader image

Dia.edu.az

Xankəndi şəhərində suverenlik mövzusunda ilk tədbir keçirilib

Qarabağ Universitetində “Konstitusiya və suverenlik ili” çərçivəsində Azərbaycan
Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası (DİA) ilə birgə
seminar keçirilib.

“Prezident İlham Əliyevin innovativ idarəçilik texnologiyaları: suverenliyə aparan yol”
mövzusuna həsr olunmuş tədbirdə DİA-nın rektoru, akademik Urxan Ələkbərov, DİA-nın
Siyasi Araşdırmalar İnstitutunun direktoru, professor Elman Nəsirov, DİA-nın Tarix
kafedrasının professoru Həvva Məmmədova, DİA-nın ümumi işlər üzrə prorektoru
Mirağa Seyidli, DİA-nın Elm və beynəlxalq əlaqələr şöbəsinin müdiri, professor Elvin
Əzizbəyov iştirak ediblər.

Qarabağ Universitetinin rektoru Şahin Bayramov açılış nitqi ilə çıxış edərək qonaqları
salamlayıb və bildirib ki, Dövlət İdarəçilik Akademiyası tərəfindən həyata keçirilən
tədbirin suverenliyimizin bərpa edildiyi torpaqlarda – Xankəndi şəhərində baş tutması
əlamətdar hadisədir. Rektor Prezident İlham Əliyevin tapşırıqlarına əsasən Qarabağ
Universitetinin qarşısına qoyulan strateji məqsədlərə çatmaq üçün yeni tərəfdaşlıqların
qurulmasının əhəmiyyətli olduğunu qeyd edib. Ş.Bayramov əsas prioritetlərdən birinin
Qarabağ Universitetinin elm və innovasiya mərkəzinə çevrilməsi olduğunu vurğulayaraq
əlavə edib ki, burada təhsil alan tələbələr akademik biliklərə yiyələnməklə yanaşı, həm
də dövlətçilik məfkurəsi ətrafında birləşməlidir.

DİA-nın rektoru, akademik Urxan Ələkbərov “Prezident İlham Əliyevin innovativ
idarəçilik texnologiyaları: suverenliyə aparan yol” mövzusunda mühazirə ilə çıxış edərək
idarəçilik prosesində uğurlu inkişafa təsir edən amillərdən bəhs edib. U.Ələkbərov qeyd
edib ki, Prezident İlham Əliyevin rəhbərliyi altında ölkəmizdə tətbiq edilən müasir
idarəetmə prinsipləri və strateji yanaşmalar dövlətimizin suverenliyinin qorunmasında və
gücləndirilməsində böyük rola malikdir. O, idarəetmə sahəsindəki yeniliklərin, effektiv
qərar qəbul etmə mexanizmlərinin və müasir texnologiyaların tətbiqinin Azərbaycanın
beynəlxalq müstəvidə müstəqilliyini və gücünü artıran əsas amillərdən biri olduğunu
bildirib.

Akademiyanın Siyasi Araşdırmalar İnstitutunun direktoru, professor Elman Nəsirov
“Ermənistan-Azərbaycan münasibətlərinin normallaşdırılması prosesi və onun
reallaşdırılması mexanizmləri” mövzusundakı çıxışında mövcud siyasi prosesin
əhəmiyyətinə və qarşıya qoyulan hədəflərin realizasiyası üçün tələb olunan addımlara
diqqət çəkib. E.Nəsirov qeyd edib ki, məhz suverenliyin tam şəkildə bərpa edildiyi tarixin

ildönümündə Xankəndi şəhərində Qarabağ Universitetinin açılması suverenlik amillərinə
söykənir.

DİA-nın Tarix kafedrasının professoru Həvva Məmmədova “Azərbaycan
Respublikasının ərazi bütövlüyü və suverenliyinin bərpası: reallıqlar və perspektivlər”
mövzusunda etdiyi çıxışda Azərbaycanın qədim və müasir tarixində ərazi bütövlüyü və
suverenliyin bərpası prosesinin əhəmiyyətini nəzərə çatdırıb. Professor bildirib ki,
Azərbaycanın bu məsələlərdəki mövqeyi regionda sabitliyin qorunması, iqtisadi inkişaf
və ölkənin beynəlxalq əlaqələrinin gücləndirilməsi ilə sıx bağlıdır.

Akademiyanın Elm və beynəlxalq əlaqələr şöbəsinin müdiri, professor Elvin Əzizbəyov
“İnnovativ dövlət idarəçiliyinin rəqəmsal aspektləri” mövzusunda çıxış edərək dövrün
tələblərinə cavab vermək üçün dövlət idarəçiliyi sahəsində innovativ yanaşmalar və
texnologiyaların tətbiq edildiyini vurğulayıb. E.Əzizbəyov əlavə edib ki, “Elektron
hökumət” formatlı rəqəmsal xidmətlər Azərbaycan dövlətinin rəqəmsal
transformasiyasının mühüm hissəsini təşkil edir və bu proses idarəetmənin
sadələşdirilməsi, vətəndaşların daha sürətli və asan xidmətlər əldə etməsini təmin edir.