loader image

Dia.edu.az

05 noyabr 2025-ci il, Naxçıvan — Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının təşkilatçılığı ilə Naxçıvan Muxtar Respublikasının mərkəzi icra hakimiyyəti orqanlarında fəaliyyət göstərən dövlət qulluqçuları üçün “Dövlət idarəçiliyində maraqlar toqquşması və anti-korrupsiya siyasəti” mövzusunda təlim keçirilmişdir.

Təlim “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023–2027-ci illər üçün Dövlət Proqramı”nın 2025–2027-ci illəri əhatə edən Təfsilatlı Tədbirlər Planında Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasına (DİA) həvalə olunmuş tədbirlər çərçivəsində həyata keçirilmişdir.

Təlimdə Dövlət İdarəçilik Akademiyasının “Hüquq” kafedrasının müdiri, hüquq elmləri doktoru, professor İsaxan Vəliyev və “Hüquq” kafedrasının müəllimi, hüquq üzrə fəlsəfə doktoru Seyfulla Aslanov çıxış etmişlər.

Təlimdə dövlət idarəçiliyində etik davranış standartlarının tətbiqi, maraqlar toqquşmasının qarşısının alınması, şəffaflıq və hesabatlılıq prinsiplərinin təmin olunması mexanizmləri, eləcə də korrupsiyaya qarşı mübarizənin institusional əsasları ətraflı şəkildə təhlil olunmuşdur.

Çıxışlarda qeyd olunmuşdur ki, anti-korrupsiya siyasətinin gücləndirilməsi dövlət idarəçiliyinin səmərəliliyinin, şəffaflığının və ictimai etimadın yüksəldilməsinin mühüm istiqamətlərindən biridir. Bu siyasət dövlət qulluğunda etik prinsiplərin tətbiqinə, idarəetmədə hesabatlılıq və şəffaflıq mexanizmlərinin təkmilləşdirilməsinə, eləcə də ictimai nəzarət institutlarının inkişafına xidmət edir.

Təlim zamanı dövlət qulluqçularına maraqlar toqquşmasının müəyyənləşdirilməsi və qarşısının alınması üzrə praktiki yanaşmalar, habelə real situasiyalara əsaslanan nümunəvi halların təhlili təqdim olunmuşdur. İnteraktiv müzakirələr çərçivəsində iştirakçılar dövlət qulluğunda etik qərar qəbuletmə prosesinin təkmilləşdirilməsi istiqamətində fikir mübadiləsi aparmışlar.