Azərbaycan
Respublikasının Prezidenti cənab İlham Əliyevin 11 dekabr 2014-cü il tarixli,
387 nömrəli Fərmanı və həmin sənədə edilmiş 15 may 2025-ci il tarixli
dəyişikliklər əsasında həyata keçirilən dövlət idarəçiliyi üzrə peşəkar inkişaf
proqramı sistemli şəkildə davam etdirilir. 23 sentyabr 2025-ci ildə Azərbaycan Respublikasının
Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında başlanmış bu təlim prosesi
“Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması” və “İctimai-siyasi
və humanitar məsələlər” şöbələrinə rəhbərlik edən kadrların idarəetmə sahəsində
institusional və analitik bacarıqlarının inkişaf etdirilməsini hədəfləyir.
Təlim Akademiyanın rektoru, akademik Urxan Ələkbərov tərəfindən keçirilir.
Bu
gün keçirilən təlim
“Prezident İlham Əliyevin idarəetmə texnologiyaları: Liderlik” mövzusuna həsr
olunmuşdur. Sessiya çərçivəsində ümummilli lider Heydər Əliyevin
formalaşdırdığı dövlətçilik və idarəçilik prinsiplərinin Prezident İlham Əliyev
tərəfindən müasir dövrün tələblərinə uyğun olaraq daha da inkişaf etdirildiyi vurğulanmışdır.
Qeyd edilib ki, Heydər Əliyevin idarəetmə siyasəti Azərbaycanın uzunmüddətli
inkişaf strategiyasının formalaşmasında əsaslı rol oynamışdır. Təlim
iştirakçıları ölkəmizin son illərdə qazandığı böyük nailiyyətlərin düzgün
qurulmuş idarəetmə modelinin nəticəsi olduğunu xüsusi vurğulamışlar.
Müzakirələrdə qeyd olunmuşdur ki, strateji baxışa, çevik qərarvermə prosesinə
və şəffaf idarəetmə mexanizmlərinə əsaslanan bu model Azərbaycanı iqtisadi,
sosial və humanitar sahələrdə yeni mərhələyə yüksəltmişdir.
Təlim
zamanı Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən idarəçilik
islahatları, institusional modernləşmə və innovativ idarəetmə
texnologiyalarının tətbiqi geniş şəkildə təhlil edilmişdir. Eyni zamanda ölkə
rəhbərliyi ilə yanaşı Birinci vitse-prezident Mehriban Əliyevanın idarəetmə
fəaliyyətində humanitar siyasət, sosial layihələr və institusional inkişaf
sahəsində əldə etdiyi uğurların dövlət idarəçiliyinin bütövlükdə effektivliyini
artırdığı vurğulanmışdır.
Dörd
moduldan ibarət olan uzunmüddətli ixtisasartırma kursu iqtisadi, sosial,
humanitar və korporativ idarəetmə istiqamətlərində rəhbər şəxslərin bilik və
bacarıqlarını təkmilləşdirməyi qarşıya məqsəd qoyur. Proqram çərçivəsində
iştirakçılar müasir idarəetmənin əsas alətləri, inkişaf göstəricilərinin
formalaşdırılması və ölçülməsi, nəticəyönümlü fəaliyyət, strateji planlaşdırma
və dövlət sektorunda innovasiya yanaşmaları üzrə praktiki bacarıqlar
qazanacaqlar.






